ABŞ prezidenti Donald Trampın administrasiyası 800 min sənədzis gənc mühaciri deportasiya edilməkdən qoruyan proqrama son qoymaq istiqamətində addım atıb. Lakin administrasiya gənclərin Birləşmiş Ştatlarda qalmasına icazə verilməsini davam etdirmək istəsə, Konqresə fəaliyyət göstərməsi üçün altı ay vaxt verib. Bu gənclər Amerika Birləşmiş Ştatlarına valideynləri tərəfindən qeyri-qanuni olaraq gətirilib.
Tramp sənədsiz gənc mühacirlərə dair qərarı təsdiq edib, lakin mübahisəli siyasi dəyişikliyin edilməsilə bağlı qərarın elan edilməsini baş prokuror Ceff Seşşinsə həvalə edib. Seşşins ABŞ-ın keçmiş prezidenti Barak Obamanın Deferred Action for Childhood Arrivals-DACA adlanan proqramına son qoyuduğunu elan edib.
Bundan sonra açıqladığı bəyanatda Tramp bildirib ki, hazırda artıq böyük olan uşaqların valideynlərinin hərəkətlərinə görə cəzalandırılmasının tərəfdarı deyil. “Amma biz imkanlar ölkəsi olduğumuzu xatırlamalıyıq, çünki biz qanunlar ölkəsiyik. Mənim əvvəllər bildirdiyim kimi, biz DACA məsələsini ürəyimizdə şəfqət hissi ilə, amma qanuni demokratik proses yolu ilə həll edəcəyik”, Tramp bəyanatında bildirib.
Biz DACA məsələsini ürəyimizdə şəfqət hissi ilə, amma qanuni demokratik proses yolu ilə həll edəcəyikABŞ prezidenti Donald Tramp
DACA proqramı vasitəsilə əsas etibarilə Meksika və Mərkəzi Amerika ölkələrindən uşaq yaşlarında ABŞ-a daxil olmuş gənclərin işləməsi, təhsil alması və orduda xidmət etməsinə icacə verilirdi.
“Biz bura gəlmək istəyən hər kəsi qəbul edə bilmərik. Hamını qəbul etmək mümkün deyil”, Seşşins bildirib. Baş prokuror əlavə edib ki, mühacirətin məhdudlaşdırılması “bizim öz qanunlarımızı lazımi qaydada tətbiq etdiyimiz deməkdir”.
Dreamers adı ilə tanınan sənədləri olmayan mühacirlərin çoxu Birləşmiş Ştatları öz vətəni hesab edir, lakin Konres onların deportasiyasının qarşısının alınması ilə bağlı qanunvericilik aktı qəbul etməsə, onlar gələn il mart ayından etibarən gəldikləri ölkələrə qaytarıla bilər.