Accessibility links

Tramp koronavirusa yoluxmamaq üçün hidroksixlorokin qəbul etdiyini deyir


ABŞ prezidenti Donald Tramp bazar ertəsi jurnalistlərə COVID-19-dan qorunmaq üçün malyariya əleyhinə dərman qəbul etdiyini bildirib.

"Mən bu dərmanı həftə-yarım qəbul elədim və hələ də buradayam. Nə itirirsiz ki?" deyə, Tramp Ağ Ev görüş zamanı açıqlama verib.

Prezident izah edib ki, hər gün bir hidroksixlorokin həbini sinklə birləşdirir və mütəmadi olaraq COVID-19 üçün götürülən testlər mənfi çıxır.

Dərman müəyyən xəstələr üçün ölüm riskini əhəmiyyətli dərəcədə artırır və koronavirus xəstələrinin müalicəsində klinik tədqiqatlar da daxil olmaqla, hər hansı bir elmi tədqiqatda onun effektivliyi aşkar olunmayıb.

Ötən ay Ərzaq və Dərman İdarəsi hidroksixlorokininin ürək ritmində problem yarada biləcəyi üçün yalnız xəstəxanalarda təyin oluna biləcəyi barədə xəbərdarlıq edib.

Dərmanı qəbul etməklə insanların yeni koronavirus yoluxmasına mane ola biləcəyinə dair heç bir dəlil yoxdur.

"Bu, mənə zərər vurmayacaq. Bu, 40 ilə yaxındır ki, malyariya, lupus, başqa şeylər üçün istifadə olunur. Mən də istifadə edirəm. Ön cəbhədə tibb işçiləri bu dərmanı qəbul edir. Çox həkim bunu qəbul edir" – deyə, Tramp qeyd edib.

Prezident Ağ Evin həkimindən ona dərmanı təyin etməsini xahiş etdiyini deyib.

“Son həftə-yarımdır ki, istifadə edirəm. Gündə bir həb" - deyə, Tramp restoran biznesi sahəsinin rəhbərləri ilə dəyirmi masa söhbətini işıqlandıran jurnalistləri təəccübləndirib. Tramp anti-parazitar və immunosupressiv xüsusiyyətləri ilə tanınan dərmanı qəbul edərkən heç bir simptom hiss etmədiyini də vurğulayıb.

XS
SM
MD
LG