Accessibility links

Konqresə ara seçkilər-Trampa etibar referendumu


Prezident Donald Tramp onun administrasiyasının gələcəyinə təsir göstərə biləcək ara seçkilərindən əvvəl sonuncu kampaniya tədbirində seçiciləri respublikaçıların demokratların mümkün üstünlüyü qarşısında itirə biləcəyi qələbələrini saxlamağa kömək etməyə çağırıb.

Tramp bir ay ərzində millətçi çağırışları və onu iki il əvvəl Ağ Evə gətirən koalisiyanın gücünü sınamaq üçün test olaraq apardığı mübarizədən sonra irqçi, mühacirətlə bağlı sərt ritorika ilə yadda qalan kampaniya tədbirlərini başa çatdırıb. ABŞ prezidenti kampaniya apardığı günlər seçkilərin həlledici əhəmiyyətini qeyd edərək, ortaya bir çox məsələlərin qoyulduğunu xüsusi vurğulayıb.

“Hər şey çox kövrəkdir. Sizə söylədiyim hər bir şey demokratlar gəlsə, ləğv edilə və dəyişə bilər. Siz onların necə davrandığını görürsünüz. Onlara nə olduğunu görürsünüz. Onlar radikallaşıb”-deyə, Tramp tərəfdarlarına bildirib.

Twitter sosial şəbəkəsində adətən fəal olan Trampın ölkə boyu səsvermə məntəqələrinin açıldığı vaxt sakit qaldığı müşahidə edilir. Prezident Ohayo, İndiana və Missuri ştatlarında kampaniya tədbirlərini başa çatdırdıqdan sonra səhər saatlarında Ağ Evə qayıdıb. Onun seçki günü Ağ Evdə olacağı və ictimaiyyət qarşısına çıxmayacağını planlaşdırdırığı bildirilir.

Ağ Evin bildirdiyinə görə, Tramp və birinci xanım Melaniya Tramp bir neçə həftə bundan əvvəl Nyu-Yorkda qiyabi olaraq səs veriblər.

Ağ Evin mətbuat katibi Sara Sandersin bildirdiyinə görə, Tramp seçki günü telefon zəngləri edəcək, Konqres və qubernator seçkilərini müşahidə edəcək və siyasi komandası ilə görüşlər keçirəcək. Axşam prezident və birinci xanımın ailə üzvləri və dostlarla birlikdə Ağ Evdə seçkinin nəticələri ilə bağlı məlumatları izləyəcəklər.

Seçki ərəfəsi verdiyi müsahibədə Tramp daha yumşaq ton seçərək, kampaniya zamanı bəzi ritorikalarına görə təəssüf hissi keçirdiyini bildiirb.

“Mən daha yumşaq ton olmasını istəyərdim. Mən elə hiss edirəm ki, müəyyən mənada seçimim yoxdur, amma bəlkə də var”-deyə Tramp bildirib.

Seçkilərin nəticələrinin necə olacağından asılı olmayaraq, Tramp aydın şəkildə bildirib ki, söhbət onun siyasi gələcəyindən gedir.

O, tərəfdarlarını səs verməyə çağıraraq, deyib ki, “media bunu mənim və bir həfəkat olaraq bizim üçün bir referendum hesab edir.”

XS
SM
MD
LG