Accessibility links

ABŞ prezidenti Donald Tramp London səfərini təxirə salıb


ABŞ prezidenti Donald Tramp London səfərini təxirə salıb. Onun Britaniyada ABŞ-ın yeni səfirlik binasının açacağı planlaşdırılırdı.

Yanvarın 12-də yazdığı tvitdə Tramp yeni səfirliyin yerinə toxunub və sələfi Barak Obama administrasiyasını günahlandırıb.

Səfəri təxirə salmağımın səbəbi odur ki, Obama administrasiyasının pərəstişkarı deyiləm, Londonda çox yaxşı yerdə, gözəl binada yerləşən səfirliyi dəyər-dəyməzinə satıb, yenisini 1,2 milyard dollara tikiblər. İstədilər ki, qırmızı lenti kəsim – Xeyr!” Trump yazıb.

Məsələ ondadır ki, Mayfair rayonundakı səfirliyin köçürülməsi qərarı prezident Gorc W. Bush administrasiyası dövründə, 2008-ci ilin oktyabrında verilib.

Britaniyanın baş naziri Tereza Mey Trampın andiçmə mərasimindən sonra bu ölkəyə səfər edən ilk xarici ölkə lideri olub. Səfər zamanı o, Trampı Britaniyaya dəvət edib.

O zaman dəvətə qarşı güclü etiraz səsləndirildi, bir çox britaniyalı seçici Trampa qarşı aksiyaya çıxacağını dedi.

Tramp səfəri təxirə saldığını elan etdikdən sonra Londonun meri Sadiq Xan deyib ki, onun “səfərinə qarşı, şübhəsiz, kütləvi etirazlar olacaqdı”.

Londonluların çoxu aydın şəkildə deyiblər ki, Donald Trampın səfəri arzuolunan deyil, çünki o,bölücü siyasət yeridir. Görünür, mesajı alıb”, – Xan deyib.

XS
SM
MD
LG