Accessibility links

Ərdoğan və Gülün siyasi manevrləri


Türkiyədə baş nazir və prezident hakim partiyanın üzvləri olmasına baxmayaraq, bir sıra siyasi məsələlərdə onlar arasında fikir ayrılıqlarının mövcud olduğu və rəqabətin artdığı müşahidə olunur.

Türkiyə prezidenti Abdulla Gülün son zamanlar verdiyi açıqlamalar ölkədə kürdlərə münasibətdən tutmuş, həbs edilmiş jurnalistlər, ya da Avropa İttifaqına üzvlük kimi bir sıra məsələlərdə yürütdüyü siyasətlə bağlı baş nazir Rəcəp Tayyib Ərdoğana münasibətdə getdikcə daha kəskin mövqe nümayiş etdirməsi kimi qiymətləndirilir. Keçən ay etdiyi çıxışların birində cənab Ədroğan buna münaibətini bildirərək, Türkiyənin, onun sözlərilə, “ikibaşlı” idarə edilmədiyini bildirib.

Mərmərə universitetində siyasi elmlər doktoru, professor Yüksel Taşkın həm prezident, həm də baş nazirin mənsub olduğu Ədalət və İnkişaf partiyası üzrə mütəxəssisdir. O deyir ki, prezident Gül baş nazirlə bağlı daha kəskin mövqe tutaraq, ölkədəki vəziyyətə getdikcə daha narahatlıqla reaksiya verir. Yüksel Taşkın:“Prezident Gül daha mötədil bir imic yaratmağa çalışır. Ərdoğanın yaratdığı sərt imic bəzi millətçi dairələr tərəfindən bəyənilir, lakin adamların başqa hissəsi liderlik üslubuna getdikcə daha skeptik yanaşır. Buraya xüsisilə bəzi nüfuzlu dairələr, o cümlədən, liberal dairələr və ölkənin qərbində biznes nümayəndələri daxildir.”

Professorun sözlərinə görə, baş nazirin sərt mövqeyi 2014-cü ildə prezident seçkilərində millətçilərin səslərini almaq istəyilə izah edilir. Cənab Ərdoğan həmçinin Türkiyəni prezident sisteminə əsaslanan bir dövlətə çevirməyə çalışır və bunu etmək üçün ona partlamentdə Milliyətçi Hərəkat partiyasının səsləri lazımdır.

Türkiyənin Sky News xəbər kanalında siyasi şərhçi olan Aslı Aydıntaşbaş baş nazir Ərdoğanın istəklərinin onunla prezident arasında artmaqda olan rəqabətin faktorlarından biri olduğunu deyir. Aslı Aydıntaşbaş:”Gül baş nazir vəzifəsinə namizəddir, amma Ərdoğan prezident olsa və öz səlahiyyətlərini artırıb baş naziri fəxri fiqur etsə, o bu vəzifəyə getməyəcək. Onlar bunu belə dolayı yolla, ya da siyasi bəyanatlar verməklə müzakirə edir.”

Aydıntaşbaş bu rəqabətin daha da dərinləşəcəyini proqnozlaşdırır. Prezident Gülün 2014-cü ildə prezident seçkilərində cənab Ərdoğana rəqabət yaradıb-yaratmayacağı ilə bağlı da müzakirələr gedir. Professor Taşkın bunun baş verməcəyini deyir:”Onun Ərdoğana rəqib olacağına inanmıram. O uduzacaq. Gülün Ədalət və İnkişaf partiyasında tərəfdarları dağınıq vəziyyətdədir. Onlar partiya strukturunda mövcud deyillər, ona görə də prezident Gülün partiya daxilində bazası yoxdur.”

Müşahidəçilər milli siyasi partiya olmadan prezident Gülün Türkiyədə Ərdoğan kimi xarizması olan bir siyasətçiyə qarşı prezident kampaniyası aparmağın çətin olduğunu deyirlər. Lakin son rəy sorğuları prezidentin baş nazir Ərdoğandan irəlidə olduğunu göstərir.

Milliyyet qəzetində siyasi yazr Kadri Gursel deyir ki, baş nazir sərt xətti davam etdirsə, bu, Türkiyədə Gülün yenidən prezident seçilməsi ilə nəticələnə biləcək yeni bir güclü hərəkatın yaranmasına gətirib çıxara bilər. Kadri Gürsel:”Ərdoğanı yalnız siyasi və ictimai qüvvələrin koalisiyası saxlaya bilər. Hazırkı siyasi qruplaşmalar, ya da koalisiyalar Gülün arxasında olsa və Gül onlardan razı qalsa, o zaman bu yeni islahatçı hərəkatına çevrilə bilər.”

Prezident Gül və Baş nazir Ərdoğan Türkiyə siyasətində on ildən artıqdır dominant rol oynayır. Onlar indiyə qədər güclü müttəfiq olublar. Lakin alyansda getdikcə gərginliyin yarandığı hiss edilir, bu müttəfiqlik dağılsa, müşahidəçilər bunun Türkiyə siyasətində çox böyük dəyişikliklər yarada biləcəyini söyləyirlər.
XS
SM
MD
LG