Türkiyənin aparıcı müxalifət partiyasi bildirir ki, Suriyada vətəndaş müharibəsi və İraqda baş verən münaqişə son dörd ildə idxal və ixracat imkanları və turizm gəlirlərinin azalması, habelə qaçqınların sayının artması da daxil olmaqla ölkəyə 16 miliyard dollardan çox ziyan vurub. Onlar prezident Rəcəp Tayyip Ərdoğanın qonşu ölkələrlə apardığı səhv siyasət nəticəsində iqtisadiyyatın zəifləməsini buna səbəb göstərirlər.
72 səhifəlik hesabatda Cumhuriyyət Xalq Partiyası (CHP) maliyyə itkisinə səbəb olaraq iki qonşu ölkədə gedən müharibəni göstərir. Partiya üzvləri hökumətin düzgün xarici siyasət aparmadığı üçün iqtisadiyyatın daha da pis duruma gəldiyini iddia edirlər. Partiya hakimiyyətdə olan Ədalət və İnkişaf partiyasının (AKP) Suriyada böhranın həlli üçün sülh danışıqlarına getməsini çıxış yolu kimi görürlər.
Cumhuriyyət Xalq Partiyasının 24 millət vəkili tərəfindən hazırlanan hesabatda deyilir ki, Suriya və İraqdan qaçan qaçqınlara 5 milyard dollardan çox pul xərclənib.
Qaziantep, Şanlıurfa, Mardin və Hatayda araşdırma aparan millət vəkilləri bildirib ki, 2011-2014-cü illər arasında Suriyaya ixracatın həcminin 10,5 milyard dollar olacağı gözlənildiyi halda, əldə olunan nəticə sadəcə 4,5 milyard dollardır. 2014-cü ildə İraqa ixracatın həcminin 14,2 milyard dollara çatdırılması kimi hədəfə baxmayaraq, ümumi hesabla bu, 10,7 milyard dollar təşkil edib. Turizm gəlirləri də son dörd ildə ümumi hesabla 1,6 milyard dollar azalıb.
Hesabat parlament seçkilərinə bir ay qalmış açıqlanıb. Prezident Ərdoğan seçki nəticələrinin onun mənsub olduğu partiyanın böyük üstünlük qazanacağına ümid edir. Bu baş versə, Türkiyə parlamentar sistemindən prezidentlik sisteminə keçəcək və bu da prezidentin hakimiyyətini daha da gücləndirmiş olacaq.
Türkiyənin aparıcı milliyətçi müxalifət partiyası olan Milli Hərəkət Partiyası (MHP) da iqtisadiyyatla bağlı müzakirələrə qoşulub. Partiyanın rəhbəri Dövlət Bahçeli AKP hökumətini az gəlirli insanlar, işçilər və fermerlərə kifayət qədər kömək etmədiyinə görə tənqid edib. Onun iqtisadiyyatla bağlı verdiyi vədlərə minimum əmək haqqının artırılması daxildir.
Bəzi təhlilçilər CHP-nin müharibənin səbəb olduğu xərclərdə hökuməti günahlandırmasımə sual edir və rəqəmlərin şişirildiyini deyir. Bu ilin əvvəli Türkiyənin tanınmış iqtisadçısı Süleyman Yaşar Suriyada vətəndaş müharibəsi və İraqın şimalında İslam Dövləti qrupunun irəliləməsi nəticəsində Türkiyə iqtisadiyyatına dəyən zərərin təxminən12,5 milyard dollar təşkil etdiyini təxmin edib.
Dünya Bankının keçən il yayımladığı hesabatda Suriyada müharibənin görən İraq, Misir, Türkiyə, İordaniya və Livan kimi ölkələrə təxminən 35 milyard dollara başa gəldiyi göstərilib.
AKP siyasətçiləri CHP-nin qonşu ölkələrdə müharibələrin iqtisadi nəticələrinə görə hökumətin məsuliyyət daşıdığı haqda iddialarına sədr sərt reaksiya veriblər. Onlar CHP-nin sədr müavini Faik Öztrakın prezident Ərdoğanın Suriya prezidenti Bəşər Əl-Əsədə qarşı düşmənçilik siyasəti yeridib üsyançıları ona qarşı mübarizədə dəstəkləməklə Suriyada vəziyyəti pisləşdiyinə dair tənqidlərini qəzəblə qarşılayıb. Fuat Öztrak həmçinin Türkiyə xalqının prezident Ərdoğanın səhvlərini artıq anladığını deyib.
Türkiyədə Suriya və İraqda baş verən münaqışələrin ölkəyə uzun müddət üçün təsirləri ilə bağlı narahatlıqlar artmaqdadır. Təhlilçilər yerli hökumətlərin resurslarından istifadə edən iki miliyondan çox qaçqının yaratdığı sosyal və iqtisadi problemlərə diqqət çəkməyə çalışırlar. Bu sayda qaçqının ölkədə mövcudluğu əmək bazarına öz təsirini göstərməklə yanaşı, əmək haqqının aşağı olduğu halda, ev kirayəsinin artması kimi problemlərin yaranmasına səbəb olur.
Türkiyə rəsmilərinin məlumatına əsasən, qaçqınların sayı 1 milyon 600 mindən artıq təxmin edilsədə, qeyri-hökumət təşkilatları bu rəqəmin iki miliyondan çox olduğunu güman edir.