Accessibility links

Uber 2020-ci ilə qədər uçan taksi xidməti yaratmaq istəyir


Uber şirkəti bu onilliyin sonuna qədər şaquli uçuş və eniş imkanına malik taksilərin yaradılması məqsədilə ABŞ-ın fəza agentliyi NASA ilə razılıq imzaladığını bildirib.

Şirkət 2023-ci ilə qədər yeni uçan taksilərdə ilk sərnişinlərin daşınacağına ümid bəslədiyini, lakin qarşıda hələ bir sıra çətinliklərin olduğunu bildirib.

Uber şirkətinin istehsal üzrə meneceri Ceff Holden deyib ki, o, uçan taksi xidmətinin gediş müddətinin azaldılması və böyük şəhələrdə havanın çirklənməsinin qarşısını ala biləcəyinə ümid edir. Onun sözlərinə görə, o, yeni xidmət növünün öz avtomobilini idarə etməkdən daha ucuz başa gələcəyinə ümid bəsləyir. Amma o eyni zamanda, ilk vaxtlar bunun ucuz olmayacağını əlavə edib.

Uber şirkətinin hesablamalarına görə, hazırda San Fransisko və San Xose şəhərləri arasında pik saatlarda gediş iki saata qədər vaxt aparır və 111 dollara başa gəlir. Eyni məsafəni hava yolu ilə 15 dəqiqəyə qət etmək mümkündür.

Şirkətin bildirdiyinə əsasən, ilk vaxtlar gediş haqqının 129 dollar olacağı gözlənilir. Lakin bunun sonradan 43 dollara enəcəyi, uzun müddət üçünsə gediş haqqının 20 dollar olacağı bildirilir.

Uber yeni texnologiyaların cəlb olunduğu bir sıra mürəkkəb texnoloji məsələlərin həll edilməsi məqsədilə NASA ilə razılıq imzalayıb.

Bu çətinliklər arasında yeni nəqliyyat növünün istehsalı üçün rəsmilərdən sertifikatların alınması və böyük şəhərlər üzərində toqquşmaların qarşısını almaq üçün yeni sistemin yaradılması göstərilir.

“NASA ilə əldə etdiyimiz razılaşmada hava nəqliyyatının idarə edilməsində əməkdaşlıq nəzərdə tutulur” Ceff Holdin NBC tele kanalına müsahibəsində bildirib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG