Ukrayna ordusunun martın 7-də bildirdiyinə görə, Rusiya son 24 saat ərzində Baxmuta yeni hücum dalğalarına başlayıb. Prezident Volodimir Zelenski Donetsk vilayətinin şərqində mühasirəyə alınmış şəhərin müdafiəsini gücləndirəcəyini vəd edərək, hərbi komandirlərlə geri çəkilməyin bir seçim olmadığı haqda razılaşdığını bildirib.
Martın 7-də səhər saatlarında Ukraynada hava hücumu xəbərdarlığı elan edilib, lakin Rusiyanın zərbələri ilə bağlı heç bir məlumat verilməyib və həyəcan siqnalı bir saatdan az vaxt keçdikdən sonra ləğv edilib.
"Son gün ərzində Ukrayna əsgərləri düşmənin 140-dan çox hücumunu dəf edib" - deyə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı gündəlik hesabatında bildirib və Baxmutun növbəti dəfə Rusiyanın hücumunun ağır hissəsini öz üzərinə götürdüyünü əlavə edib.
Baş Qərargah bildirir ki, əhəmiyyətli itkilərə baxmayaraq, Rusiya Baxmut və şəhərin ətrafına hücum cəhdlərini davam etdirir.
"Son 24 saat ərzində düşmən Dubovo-Vasilivka kəndi yaxınlığında 37 hücum həyata keçirib" – deyə, məlumatda Baxmutdan bir qədər şimal-şərqdə yerləşən yaşayış məntəqəsinə istinad edilərək bildirilir.
Zelenski martın 6-da gecə çıxışında deyib ki, o, Baxmutda durumu silahlı qüvvələrin baş komandanı Valeriy Zalujnıy və Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sırski ilə müzakirə edib və onlar "müdafiə əməliyyatının davam etdirilməsi və Baxmutda mövqelərimizi daha da gücləndirmək fikri ilə çıxış ediblər" – deyə, prezidentin internet səhifəsində qeyd olunub.
"Hərbi komandanlıq yekdilliklə bu mövqeyi dəstəkləyib. Başqa mövqe yox idi. Baş komandana dedim ki, Baxmutda əsgərlərimizi dəstəkləmək üçün lazım olan qüvvələri toplasın" – deyə, o bildirib.