Accessibility links

Ukrayna və Rusiya Soledar uğrunda ağır döyüşlərin getdiyini bildirir


Rusiya və Ukrayna hərbçiləri Rusiyanın muzdlu "Vaqner" qrupunun Ukraynanın şərqindəki şəhəri nəzarətə götürməsi ilə bağlı iddiasının doğru olmadığını deyərək, çərşənbə günü Soledarda şiddətli döyüşlərin getdiyini bildiriblər.

"Vaqner" qrupunun iddiasından bir neçə saat sonra Rusiya ordusu şəhəri şimal və cənubdan hava-desant bölmələri ilə mühasirəyə aldığını və döyüşlərin davam etdiyini bildirib.

Ukraynanın Şərq Hərbi Komandanlığının sözçüsü Ukrayna televiziyasına Soledarda vəziyyətin "mürəkkəb" olduğunu deyib.

Ərazi münaqişənin ən aktiv bölgələrindən biri olduğu üçün vəziyyətin müstəqil qiymətləndirilməsini çətinləşdirir.

Böyük Britaniyanın Müdafiə Nazirliyinin çərşənbə axşamı bildirdiyinə görə, çox ehtimal ki, Rusiyanın işğalının bu mərhələsindəki əsas hədəflərindən biri olan Baxmut yaxınlığında yerləşən Soledarın əksər hissəsinə "Vaqner" və Rusiya qüvvələri nəzarət edir.

NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə günü keçirdiyi mətbuat brifinqində deyib ki, Ukraynanın Baxmut bölgəsindəki müdafiəsi "vətənlərini qorumaq üçün döyüşən Ukrayna qüvvələrinin şücaətini bir daha göstərir". O, Ukraynaya hərbi dəstəyin artırılmasının nə qədər vacib olduğunu vurğulayıb.

"Bizim dəstəyimiz yerlərdə real fərq yaradır və müharibənin bu mühüm məqamında biz bunu daha çox və daha sürətlə etməliyik" , Stoltenberq bildirib.

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov çərşənbə axşamı bildirib ki, ABŞ-ın Ukrayna ordusuna Oklahoma ştatının Fort Sill bazasında raketdən müdafiə "Patriot" sistemindən istifadə üzrə təlim keçmək qərarı "Vaşinqtonun Ukrayna münaqişəsində faktiki iştirakını" təsdiqləyir.

"Administrasiyanın əsl məqsədi ukraynalılardan etibarlı şəxslər kimi istifadə edərək, döyüş meydanında Rusiyaya mümkün qədər çox zərər vurmaqdır," Antonov Rusiya səfirliyinin yaydığı bəyanatda bildirib.

Pentaqonun mətbuat katibi, briqada generalı Pat Rayder çərşənbə axşamı Pentaqonun brifinqində Fort Silldə təlimlərin "gələn həftə" başlaya biləcəyini bəyan edib.

Rayder "Təxminən 90-100 Ukrayna əsgərinin bir neçə ay davam edəcəyi gözlənilən təlim kurslarında onlara müdafiə sisteminin idarə edilməsi, texniki xidmət və sistemdən istifadə öyrədiləcək" deyib və əlavə edib ki, "Patriot" batareyası Ukraynaya xalqını Rusiyanın hava hücumlarından müdafiə etmək üçün daha bir imkan yaradacaq.

XS
SM
MD
LG