Accessibility links

Ukraynanın Kalush Orchestra qrupu Eurovision mahnı müsabiqəsinin qalibi olub


Kalush Orchestra qrupunun üzvləri İtaliyanın Turin şəhərində Palaolimpico arenasında Eurovision mahnı müsabiqəsinin finalında, 14 may 2022-ci il.

Ukraynanın Kalush Orkestra qrupu müharibənin getdiyi ölkəyə geniş dəstəyin açıq şəkildə nümayiş etdirilməsi olaraq, Eurovision beynəlxalq mahnı müsabiqəsinin qalibi olub.

Ukrayna prezidenti Volodimir Zelenski 2003-cü ildə Eurovision müsabiqəsində debütündən sonra Ukraynanın üçüncü qələbəsini alqışlayıb. “Müsabiqənin gələn il Mariupolda keçirilməsi üçün əlimizdən gələni edəcəyik”, Zelenski bildirib və “Ukraynanın azad, dinc, bərpa edilmiş Mariupolunda!” – deyə, vurğulayıb.

“Əminəm ki, düşmənlə döyüşdə qalibiyyətimiz uzaqda deyil”, Zelenski Telegram mesajlaşma platformasında yazıb.

Kalush Orkestra qrupunun solisti Oleq Psyuk çıxışdan sonra “Hamınızdan xahiş edirəm, Ukraynaya, Mariupola kömək edin. `Azovstal`-a indi kömək edin” deyərək, bir çoxlarının onları ayaq üstə alqışladığı 7500-ə yaxın tamaşaçı qarşısında və dünyanın hər yerindən müsabiqəni canlı yayımda izləyən çox milyonluq tamaşaçı auditoriyasına müraciət edib.

O daha sonra mətbuat konfransında deyib ki, insanlar mühasirəyə alınmış əsgərlərə “sözü yaymaqla, bu barədə danışmaqla, hökumətlərdən yardım istəməklə” kömək edə bilərlər.

Kalush Orkestra qrupunun “Stefania” mahnısı müsabiqənin finalında yarışan 25 hit arasında ən sentimental və sevilən mahnılardan biri olub. SMS vasitəsilə ictimai səsvermə və Eurovision tətbiqi vasitəsilə səsvermə nəticəsində qrup 40 ölkədən münsiflər heyətinin səsverməsindən sonra lider olan britaniyalı Tik Tok ulduzu Sem Rayderi qabaqlayıb.

Oleq Psyuk Ukrayna diasporuna və “və Ukraynaya səs verən bütün dünya tamaşaçılarına” təşəkkür edib və deyib ki, “qələbə Ukrayna üçün çox vacibdir, xüsusilə də bu il”.

Beynəlxalq mahnı müsabiqəsində səsvermənin nəticələrinə görə Britaniya ikinci yeri, İspaniya isə üçüncü yeri tutub.

Azərbaycanı ”Fade to Back” mahnısı ilə təmsil edən Nadir Rüstəmli Eurovision 2022 müsabiqəsində 106 səs alaraq, 16-cı yerdə qərarlaşıb.

Keçən il Rotterdamda Maneskin rok qrupu qalib gəldikdən sonra bu ilki tədbir İtaliyada, Turin şəhərində keçirilib.

XS
SM
MD
LG