Accessibility links

Rusiya Kyiv də daxil olmaqla, Ukraynanın bir neçə şəhərinə raket zərbələri endirib


Ordusunu ölkənin cənub bölgəsinə yerləşdirən Rusiya cümə axşamı səhər tezdən paytaxt Kyiv də daxil olmaqla, Ukraynanın yarıdan çox şəhərindəki hava hücumundan müdafiə obyektləri və hərbi infrastrukturu hədəf alaraq, raket zərbələri endirib.

Əməliyyat Rusiya Prezidenti Vladimir Putinin televiziya ilə “xüsusi hərbi əməliyyat” kimi təsvir etdiyi açıqlamadan az sonra başlayıb. Lakin Ukrayna liderləri bunu Avropada ikinci ən böyük ölkəyə genişmiqyaslı işğal adlandırıb.

Moskva vaxtı ilə səhər saat 6 radələrində yayımlanan qəzəbli çıxışında Rusiya prezidenti Ukraynadan gələn təhdidlərə daha dözə bilməyəcəyini deyib. O, çıxışını kənar güclərə müdaxilə etməmək barədə xəbərdarlıq edərək bitirib.

Putin məqsədinin “Ukraynanın de-militarizasiyası və de-nasifikasiyası” olduğunu bildirib. “Bir çox cinayətlər törətmiş, mülki şəxslərin, o cümlədən Rusiya vətəndaşlarının qanının tökülməsinə görə məsuliyyət daşıyanları məhkəməyə verəcəyik” - deyə, əlavə edib.

Rusiya prezidentinin çıxışından qısa müddət sonra Ukraynanın şərqindəki Xarkiv şəhərində güclü raket atəşi eşidilib. Daha sonra isə Kyivin civarlarından - paytaxtın əsas Borispol beynəlxalq hava limanı və onun Julianıydakı ikinci hava limanı istiqamətindən arabir partlayış səsləri eşidilib.

“Putin indicə Ukraynaya genişmiqyaslı işğala başlayıb. Ukraynanın dinc şəhərləri zərbələr altındadır. Bu, təcavüzkar müharibədir. Ukrayna özünü müdafiə edəcək və qalib gələcək. Dünya Putini dayandıra bilər və bunu etməlidir. İndi hərəkətə keçmək vaxtıdır,” Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Twitter səhifəsində yazıb.

Raket hücumlarından bir neçə saat sonra Rusiya tankları Belarus və 2014-cü ildə Moskvanın ilhaq etdiyi Ukrayna yarımadası Krımdan Ukrayna sərhədlərini keçib. Ukrayna rəsmilərinin bildirdiyinə görə, Rusiyanın Amfibiya qüvvələri Qara dəniz sahilindəki Odessa yaxınlığında yerə enib.

Ukraynanın Dövlət Sərhəd Xidməti Luqansk, Sumi, Xarkiv, Jitomir və Çerniqov vilayətlərinin hücuma məruz qaldığını və rus qüvvələrinin Krımdan Ukraynaya keçdiyini bildirib.

Xalqa telefonundan müraciət edən Prezident Volodimir Zelenski ukraynalılara hərbi vəziyyət elan edəcəyini deyib və ukraynalıları evdə qalmağa çağırıb. “Narahat olmayın, biz güclüyük. Biz hər şeyə hazırıq. Hamını məğlub edəcəyik. Çünki biz Ukraynayıq” deyib.

Lakin Ukraynaya doğru irəliləyən Rusiya tankları az müqavimətlə üzləşmiş kimi görünüb və Rusiya Ukraynanın qərbindəki hərbi hava limanlarına qanadlı raketlərlə hava hücumunu genişləndirib.

Ukrayna ordusunun rəsmiləri Rusiyanın 5 döyüş təyyarəsinin və bir vertolyotunun vurulduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG