Ümumdünya Səhiyyə Təşkilatı uşaqlara qarşı zorakılığa son qoymaq üçün qətiyyətli tədbirlər görməyə çağırıb. Bu çağırış İsveçdə Stokholmda bu həftə zorakılıq problemləri ilə bağlı keçiriləcək konfransdan öncə edilib. Ümumdünya Səhiyyə Təşkilatı planetdə hər iki uşaqdan birinin zorakılığa məruz qaldığını bildirir.
Qarşıdan gələn konfransda BMT-nin 2030-cu ilə qədər uşaqlara qarşı zorakılığa son qoyulması kimi məqsədə nail olunması yolları müzakirə ediləcək. Lakin statistikalar bunun çətin olduğunu göstərir.
Ümumdünya Səhiyyə Təşkilatı Yer kürəsində iki yaşla 17 yaş arasında olan iki milyard uşaqdan yarısının fiziki, seksual və ya emosional baxımdan zorakılığa, ya da laqeyd münasibətə məruz qaldığını bildirir. Bu halların evdə və ya məktəbdə bağlı qapılar arxasında baş verdiyi deyilir. Buraya uşaqlar arasında qorxutma və qəddar münasibət kimi hallar daxildir. Təşkilat bildirir ki, zorakılıq halları münaqişələr və başqa qeyri-sabit durumlarda daha da artır.
Zorakılıq hallarının son nəticəsi ölüm olur. Ümumdünya Səhiyyə Təşkilatının qeyri-yoluxucu xəstəliklər bölməsinin directoru Etyen Kruq bildirir ki, qətl yeniyetmələr arasında ölümə üçüncü əsas səbəblərdən biridir.
“Lakin bununla yanaşı, çox sayda əqli xəstəliklərin nəticələri, depressiya, narahatlıq, yuxusuzluq və davranışda dəyişikliklər kimi müxtəlif səhiyyə problemləri olanlar var. Onların daha çox siqaret çəkəcəyi, alkoqollu içkilər içəcəyi və QİÇS kimi xəstəliklərə yol açan riskli seksual münasibətlərdə olacağı gözlənilir”, o bildirib.
Kruq deyib ki, zorakılıq qaçılmaz bir şey deyil. Onun proqnozlaşdırılması və qarşısının alınması mümkündür. O bildirib ki, Stokholm konfransında uşaqlara qarşı zorakılığa son qoyulması üçün yeddi strategiya nəzərdən keçiriləcək.
Buraya bu praktikaya qarşı qanunların gücləndirilməsi, zorakılığın artıq qəbuledilməz olması üçün normaların dəyişdirilməsi, oğlanlar arasında aqressiv davranış məsələsinin ünvanlanması, daha təhlükəsizlik şəraitin yaradılması və gənc valideynlərə yaxşı valideyn olmaq yollarının öyrədilməsi daxildir.