31 yaşlı azərbycanlı rəssam Vüsal Rəhim əsərlərində müxtəlif insan hekayələrini canlandırır.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Teatr Dekor Sənətləri ixtisasını bitirən Vüsal Rəhim yaradıcılığında fərdi mübarizə, gender bərabərliyi və sosial problemləri araşdırmaqla, konseptual və müasir incəsənəti birləşdirir.
Əsasən çılpaq qadın rəsmlərini yaradan rəssam, bu, əsərlərlə qadınların cəmiyyətdə təzyiqlərə məruz qalmasına qarşı çıxır.
Qədim Azərbaycan mifologiyasından ilhamlanan rəssamın yaradıcılığında tez-tez güclü qadın obrazını görmək olar.
“Mən əsərlərimdə iki qadın obarızını verə bilərəm. Məsələn, rəsm əsərlərimdə onlar çılpaq ola bilərlər. Amma onlar çox güclü qadınlardır. Onlar mifalogiyada olan Ana xaqan dönəmindəki qadınlardır ki, cəmiyyətin bütün yükünü qadınlar daşıyırdı. Sosial layihələrimdə isə daha çox cəmiyyətin əziyyət çəkmiş qadınlarıdır. Hər iki qadın obrazını öz yaradıcılığımda təmsil etməyə çalışıram. Təkcə qadın yox, ailə-məişət mövzuları da var. Düzdür bizdə məişət zorakılığında kişi də qurban olur. Amma ən çox qadın və uşaqlar zorakılığa məruz qalır. Çalışıram ki, işlərimdə onları göstərim".
Onun teatral təcrübəsini yaratdığı əsərləri və videosənədin içində erkən nikah və gender mövzusu özünəməxsusluğu ilə seçilir.
Rəssamın "Nurcan” adlı bədii performansı qanunsuz olan, lakin hələ də davam edən erkən nikahlar problemini – qadın amilini və qadının özünüifadəsini rədd etməyi işıqlandıran layihələrdəndir.
"Bu il mən 2018-ci ilin əvvəlində `Nurcan` layihəmi təqdim etmişdim. `Nurcan` layihəsində erkən nigahla bağlı problem qoyulub. O sərginin kökündə bir hadisə var idi ki, bu 2016-cı ildə baş vermişdir. 16 yaşlı qız 32 yaşlı bir kişiyə ərə verilir. Və onun toy günü öldürülməsi var idi. Mən bu məqaləni sosial mediada öyrənmişdim. Sonradan mən buna iş həsr elədim".
Rəssam həmçinin bu yaxınlarda məsləkdaşı ilə birlikdə "Əsli və Kərəm ev N9” adlı duet sərgisi keçirib.
Bu əsərin mahiyyəti və cəmiyyətə verdiyi mesajlara Vüsal Rəhim aydınlıq gətirib.
"Qərarlaşdırdıq ki, bir sərgi eləyək. Sərginin adı `Əsli və Kərəm`dir. Azərbaycanın məşhur məhəbbət dastanıdır. Biz performans oynadıq sərgidə. Performansın məğzi, - onlar evlidir. Onların sosial həyatlarında problemləri, bir-biri ilə davaları, mübahisələri əks olunurdu. İnsanlar əslində şokda idilər. Bilmirdilər sərgiyə baxsınlar, yoxsa ailənin evinə gəliblər".
O yaratdığı əsərlərin cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmadığını və tənqidlərə məruz qaldığını deyir.
“Məqalələrdə başlıqlar var idi ki, Bakıda qara toy oldu. Bu başlıqla məqalələr çıxdı. İnsanlar birinci fotonu görüb başlığı görən kimi başladılar söyməyə və təhqir etməyə. Amma sonradan məqaləni görəndə ki, sosial bir layihədir və başladılar düzgün yanaşmağa. Bu video youtoube da var. İnsanların yazdıqları var ki, onlar bu problemlərlə üzləşirlər. İnsanların müsbət təəssüratı var artıq”.
Rəssam sənət əsərlərini dünya miqyasında, o cümlədən Rusiya və ABŞ kimi ölkələrdə nümayiş etdirib.
Bundan sonra da yaratdığı insan hekayələrini daha geniş auditoriyaya çatdırmağı planlaşdırır. O, bu istiqamətdə daha geniş sərgilər keçirmək arzusundadır.