Accessibility links

Vaşinqtonda "Avrasiyada Konfliktlər" mövzusunda forum keçirilib


Şəhla İsmayilova, Bill Meyns mükafatının laureatı
Şəhla İsmayilova, Bill Meyns mükafatının laureatı

Karnegi Fondunun eksperti Tomas de Vaal Cənubi Qafqazda da sabitliyin çox zərif olduğunu qeyd etdi və bu baxımdan Misirdə olduğu kimi stratus kvonun partlayıcı potensialından bəhs etdi. Cənab de Vaalın sözlərinə görə potensial partlayış mənbələrindən ən təhlükəlisi Dağlıq Qarabağ münaqişəsidir ki, bunu “donmuş münaqişə” adlandırmaq səhv olardı

Fevralın 3-də Finlandiyanın Vaşinqtondakı səfirliyində “Avrasiyada Konfliklər: Həll Yolları Necə Mümkündür?” başlıqlı diskussiya forumu keçirilib. Avrasiya Fondunun təşəbbüsü ilə keçirilən tədbirin aparıcısı Washington Post qəzetinin redaktor müavini Devid İqnatius, natiqləri isə Karnegi Beynəlxalq Sülh Fondunun Qafqaz üzrə mütəxəssisi Tomas de Vaal və Brookings İnstitutunun ABŞ və Avropa Mərkəzinin direktoru Fiona Hill idilər.

Diskussiyanı giriş sözü ilə açan Devid İqnatius diqqəti Misirdə cərəyan edən hadisələrə çəkdi. Misir hadisələrinin Avrasiya regionuna potensial təsirləri ilə maraqlandığını deyən cənab İqnatius natiqlərə söz verdi.

Fional Hill Orta Asiyadakı situasiya ilə Misir arasındakı bir sıra oxşarlıqları vurğuladı. Onun sözlərinə görə Qırğızıstanda baş verən qəfil dəyişikliklər göstərdi ki, üzdəki sabitlik bəzən ilğım mahiyyəti daşıyır və hər şey bir anın içində dəyişı bilər: “Misir və başqa yerlərdə inqilaba rəvac verən faktorlar Qırğızıstanda da mövcud idi: yüksək işsizlik, gənclərin çoxluğu, hökumətin xalqın tələblərinə cavab verə bilməməsi...” Xanım Hill Orta Asiya haqda tez-tez səslənilən bir sıra nəzəriyyələrin artıq arxaikləşdiyini söylədi. Orta Asiyanı hansısa qüdrətin təsir zonası kimi qiymətləndirməyin əleyhinə çıxan Fiona Hill bu regionun siyasi təkamülünü fərdi qaydada səciyyələndirməyin vacibliyini önə çəkdi.

Karnegi Fondunun eksperti Tomas de Vaal Cənubi Qafqazda da sabitliyin çox zərif olduğunu qeyd etdi və bu baxımdan Misirdə olduğu kimi stratus kvonun partlayıcı potensialından bəhs etdi. Cənab de Vaalın sözlərinə görə potensial partlayış mənbələrindən ən təhlükəlisi Dağlıq Qarabağ münaqişəsidir ki, bunu “donmuş münaqişə” adlandırmaq səhv olardı: “Əgər biz irəli addımlamasaq, hadisələr bizi irəli itələyəcək. Təəssüf ki, bizim Cənubi Qafqazda üzləşdiyimiz situasiya belədir. Vəziyyətin nəzarətdə olması haqda təsəvvür ilğımdır. Əslində, durum xeyli kövrəkdir,” deyə de Vaal bildirdi.

O, zaman-zaman münaqişənin həlli üçün göstərilən vasitəçilik səylərinin fayda vermədiyini qeyd etdi. Buna başlıca səbəb kimi, xalqlar arasında sülh istiqamətində lazımi təşviqatın aparılmamasını göstərdi: “Liderlər qapalı dairədədirlər. Onlar vətəndə millətçi nitqlər söyləyir, gizlində isə bir-biri ilə sülh danışıqları aparırlar. Bu metod isə vəziyyəti dəyişmək üçün sülhün obyekti olacaq xalqlar arasında kifayət qədər stimul yaranmasının qarşısını alır.”

Tomas de Vaal əlavə etdi ki, əvvəllər olduğu kimi Rusiyanın bu münaqişənin həllində maraqlı olmadığını düşünmək yanlış fikirdir. O, hesab etdiyini bildirdi ki, Dmitri Medvedevin rəhbərliyi altında rəsmi Mokva Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır, və bu istiqamətdə ABŞ Rusiya ilə birgə səylərini gücləndirməlidir.

Avrasiya Fondunun təşkil etdiyi diskussiya fondun banisi Bill Meynsin adına təsis olunmuş mükafatın üç alıcısını şərəfləndirməyə həsr edilmişdi. 2010-cu il Bill Meyns mükafatının laureatları sırasında Rasional İnkişaf üçün Qadın Assosiasiyasının rəhbəri Şəhla İsmayılova da var. O, Azərbaycanda qadınların reproduktiv sağlamlığı və gender bərabərliyi sahəsində əldə etdiyi nailiyyətlərə görə mükafatla təltif olunub. Şəhla xanım forumun ardınca xidmətimizlə söhbətində mükafatın məramına və təşkilatının fəaliyyətinə aydınlıq gətirdi. O, rəhbərlik etdiyi təşkilatın doğum prosesində hamilə qadınlara verdiyi yardım kursları haqda məlumat verdi. Şəhla xanım habelə Azərbaycanda qadın hüquqlarının qorunması və qadınların cəmiyyətdəki rolunun gücləndirilməsi sahəsində təşkilatın əldə etdiyi nailiyyətlərdən danışdı.

Avrasiya fondu

Bill Meyns Fondu

XS
SM
MD
LG