Azərbaycan 149 ölkə arasında qeyri-leqal kapital çıxarılması üzrə 17-ci yeri tutub. Dekabrın 9-da dərc edilmiş illik Global Financial Integrity (GFI) “İnkişaf etməkdə olan ölkələrdən qanunsuz kapital çıxarılması” araşdırmasına əsasən, ölkədən ildə 9,5 mlrd. dollar çıxarılıb. Bu, 2014-cü il dövlət büdcəsinin yarısına bərabərdir. Reytinqi tərtib edənlər 2004-cü ildən 2013-cü ilə qədər olan məlumatları təhlil ediblər.
Reytinqdə ilk yerləri ildə 140 mlrd. dollar və 105 mlrd. dollarla müvafiq olaraq Çin və Rusiya tutur. Lakin adambaşına düşən oğurlanmış kapitalın həcminə görə Azərbaycan liderlərdən öndədir -1010 dollar. Rusiyada adambaşına 729 dollar, Çində isə 107 dollar oğurlanmış kapital düşür.
Postsovet ölkələrindən Qazaxıstan 16,704 mlrd. dollarla, Ukrayna 11,676 mlrd. dollarla Azərbaycandan öndədir, onların ardınca 8,820 mlrd. dollarla “qüsursuzluq” etalonu Belarus gəlir, Ermənistan on dəfə geri qalır - 983 mln. dollar. Neft-qaz ölkəsi olan Türkmənistandan qanunsuz olaraq cəmi 36 mln. dollar çıxarılır.
Global Financial Integrity - inkişaf etməkdə olan ölkələrdən qanunsuz maliyyə axınlarını təhlil edən və onları azaltmaq məqsədi daşıyan milli və beynəlxalq tədbirlərin görülməsinin tərəfdarı olan Amerikanın araşdırma təşkilatıdır. GFİ-nin hesablama metodikası yalnız ölkədən qanunsuz çıxarılan vəsaiti, sənədlərdə əksini tapmayan əməliyyatları nəzərə alır. GFİ ən mühüm kanal kimi gömrük bəyannaməsi zamanı faktiki ixrac və idxal dəyərinin azaldılmasını və ya artırılmasını göstərir – qeyri-leqal kapital axınının 83,4%-i onun payına düşür, xəbəri Turan agentliyi yayıb.
Öz növbəsində, Azərbaycanın rəsmi qurumları hələ məlumata münasibət bildirməyib.