Müharibə cinayətləri beynəlxalq humanitar hüquq pozuntusudur.
Mülki əhalini bilərəkdən hədəfə almaq, uşaq əsgərlərin cəlb edilməsi, işgəncə və zorlama aktları müharibə cinayətləri hesab edilir.
Bütün müharibə cinayətlərini sadalayan vahid sənəd mövcud deyil.
Amma beynəlxalq humanitar hüququn əsas prinsipləri İkinci Dünya Müharibəsindən sonra tətbiq edilməyə başlayan Cenevrə Konvensiyasında və Beynəlxalq Cinayət Məhkəməsinin əsasını qoyan Roma Əsasnaməsində təsbit edilib.
Niyyət müharibə cinayətinin əsas komponentidir.
Məsələn, xəstəxananı bombalamaq özü-özlüyündə müharibə cinayəti deyil, amma bunu bilərəkdən və ya kor-koranə etmək müharibə cinayəti hesab edilə bilər.
Beynəlxalq Cinayət Məhkəməsi müharibə cinayətlərinə, o cümlədən soyqırım kimi tanınan bəşəriyyətə və insanlığa qarşı cinayətlərə görə şəxsləri təqib etmək səlahiyyətinə malikdir.
Ukrayna Beynəlxalq Cinayət Mərkəməsinin 123 üzvündən biri olmasa da, məhkəmənin yurisdiksiyası ona da şamil edilir.
Beynəlxalq Cinayət Mərkəməsinin baş prokuroru Kərim Xan fevral ayında bildirib ki, o, Ukraynadakı potensial müharibə cinayətlərini araşdıracaq.
Əldə edilən nəticələrə əsasən məhkəmə müharibə cinayətlərinə görə rusiyalı fərdləri təqib edə bilər, amma bu cinayətlərə görə Rusiya hökumətini araşdıra bilməz.
Bunun səbəbi Rusiyanın, ABŞ və Çin kimi Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olmamasıdır.
Beynəlxalq Cinayət Məhkəməsi həm də insanları iştirakları olmadan mühakimə edə bilməz.
Odur ki, rusiyalı şübhəlilər Beynəlxalq Cinayət Məhkəməsinin zalında fiziki iştirak etmədikləri müddətdə mühakimə edilə bilməzlər.
Digər yollar
Ölkələr fərdi olaraq Rusiya rəsmilərini və ya hərbi heyəti beynəlxalq hüquq pozuntusuna görə təqib edə bilərlər. Bu, “universal yurisdiksiya” konsepsiyası altında mümkündür.
Amma bu cür hallar əsasən cinayət törətmiş fərdlərə qarşı icra edilən cəzaya gətirib çıxarmır.
Əlavə olaraq, bir çox ölkə qanunları Rusiya prezidenti Vladimir Putin kimi hazırda vəzifədə olan dövlət başçılarını və ya yüksək vəzifəli hökumət rəsmilərini təqib etməyi qadağan edir.
Başqa bir yol, İkinci Dünya Müharibəsindən sonra nasistləri müharibə cinayətlərinə görə təqdib etmək üçün yaradılmış Nürnberq prosesi kimi bir tribunalın yaradılmasıdır. Tribunallar həmçinin keçmiş Yuqoslaviyada və Ruandada zorakı münaqişə nəticəsində soyqırım və digər cinayətlər üzrə fərdlərin mühakimə edilməsi üçün yaradılmışdı.