Accessibility links

Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub


Bazar ertəsi beş aylıq fasilədən sonra Vyanada İranla 2015-ci il nüvə sazişinin bərpası ilə bağlı danışıqlar bərpa edilib. Danışıqlar İranda yeni prezidentin vəzifəyə başlamasından sonra ilk dəfədir baş tutur.

Aprel ayında başlayan danışıqların altı əvvəlki raundunda olduğu kimi, Birləşmiş Ştatlar 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı kimi tanınan razılaşma ilə bağlı müzakirələrdə dolayısı ilə iştirak edir.

İran 2015-ci il müqaviləsini imzalayan qalan ölkələrlə - Britaniya, Çin, Fransa, Rusiya və Almaniya ilə birbaşa danışıqlar aparacaq, avropalı diplomatlar isə ABŞ tərəfi ilə ayrıca danışıqlara gedəcək.

Məqsəd sanksiyaların yüngülləşdirilməsi müqabilində İranın nüvə proqramına 10-15 il müddətinə məhdudiyyətlər qoyan sazişin bərpa olunmasıdır.

Birləşmiş Ştatlar 2018-ci ildə, prezident Donald Trampın administrasiyası dövründə sazişdən çıxdıqdan sonra İran da öz öhdəliklərindən geri çəkilməyə başlamışdı.

Bu günə qədər İran ehtiyatda saxladığı uranın miqdarı ilə bağlı razılaşdırılmış hədləri keçərək uranı daha yüksək səviyyəyə qədər zənginləşdirib və nüvə obyektlərində daha təkmil sentrifuqalardan istifadə edir.

İlkin razılaşma İranın nüvə silahı istehsalı üzərində işləməsi qorxusuna cavab olaraq qəbul edilib, İran isə bunu təkzib edib və nüvə proqramının tədqiqat və enerji istehsalı kimi dinc məqsədlər üçün istifadə olunduğunu bildirib.

XS
SM
MD
LG