Accessibility links

Xalid Bağırov: Ən ciddi problem vəkillərin təqib olunmasıdır


Hüquqşünas Xalid Bağırov Amerikanın Səsinə müsahibəsində Azərbaycanda vəkillik institutunun mövcud durumundan danışıb.

Amerikanın Səsi: Hazırda Azərbaycanda vəkillik institutu qanunvericilklə üzərinə düşən vəzifəni tam həyata keçirə bilirmi?

Ədalət mühakiməsi qüsurludursa vəkilin də vəzifələrini icra etməsi üçün xeyli problem yaranır.

Xalid Bağırov: Hesab edirəm ki, vəkillik institutunun üzərinə düşən vəzifələr institusional olaraq təkcə vəkilliyin üzərinə düşən vəzifələr kimi götürülməməlidir. Bu ədalət mühakiməsində vəkilin oynadığı rolla bağlıdır. Yəni, ədalət mühakiməsi sistem olaraq qüsurludursa vəkilin də öz vəzifələrini icra etməsi üçün xeyli problem yaranır. Təbii ki, bu gün Azərbaycanda ədalət mühakiməsinin qüsurları barədə xeyli problemlər var. Bu problemləri həll etmədən vəkilin öz vəzifələrini icra edə bilməsindən danışmaq mümkün deyil. Bu vəkillik institutundakı islahatdan daha çox ümumiyyətlə, ədalət mühakiməsinə bağlı olan bir məsələdir.

Amerikanın Səsi: Vəkillər əsasən hansı problemlərlə rastlaşır? Onların hüquqlarının qorunması istiqamətində rəsmi qurumların, parlamentin, ictimaiyyətin apardığı işləri qənaətbəxş hesab etmək olarmı?

Dövlət institutları bəzən onların maraqlarına cavab verməyən vəkilləri təqib etməklə məşğul olurlar.

Xalid Bağırov: Təbii ki, biz dedik ki, vəkillik istitutu ədalət mühakiməsinin bir parçasıdır. Belə deyək, tərəzinin vacib gözlərindən birini təşkil edir. Lakin nəzərə alınmalıdır ki, ümumiyyətlə bu, dövlətə bağlı olan həm istintaq, həm dövlət ittihamı ilə bağlı olan bir institutdur. Təbii ki, belə bir çəki mübarizəsində ictimai nüfuzun da çox böyük önəmi var. Amma bu gün vəkillik institutunun dövlət qurumları qədər, dövlət institutu qədər nüfuzu mövcud deyil. O baxımdan da vəkillərin kifayət qədər problemləri yarana bilir. Yəni dövlət institutları bəzən onların maraqlarına cavab verməyən vəkilləri təqib etməklə məşğul olurlar. Onlardan şikayət verirlər ki, hansı ki, o vəkillərin fəaliyyətinə maneə yaradılsın. Mənə görə, ən ciddi problem vəkillərin təqib olunmasıdır. Təbii ki, bundan əlavə institusional problemlər var. Məsələn, sistem içərisində vəkillərin sübutlara çatımlılığı, ümumiyyətlə, cinayət prosesində ilkin mərhələdə inkvizisyon prosesin olması, harada ki, vəkilin çox da böyük səlahiyyətləri yoxdur. Müstəntiqlərin böyük səlahiyyətləri var. Belə problemlər də var. Amma ciddi problem odur ki, uyğun olmayan vəkillərin təqib olunmasıdır ki, belə bir halda təbii ki, rəsmi qurumlardan ciddi bir dəstək gözləməyə dəyməz.

Xalid Bağırov: Ən ciddi problem vəkillərin təqib olunmasıdır
please wait

No media source currently available

0:00 0:08:14 0:00

Amerikanın Səsi: İki il əvvəl vəkil olmayan şəxslər tərəfindən məhkəmədə təmsil olunmaq hüququ ləğv olundu. Bu, insanların hüqularının müdafiəsinə necə təsir etdi? Ümumuiyyətlə, keyfiyyətli hüquqi xidmətlərə əlçatımlıqla bağlı vəziyyət necədir?

Hələ də biz Avropada əhalinin sayına görə hüquqi xidmət göstərən şəxslərin sayında ən aşağı yeri tuturuq.

Xalid Bağırov: Gəlin belə bir şey deyək. Azərbaycanda əhali sayına görə vəkillərin sayı Avropada və dünyada ən aşağı rəqəmlərdən birini təşkil edir. 2018-ci ildə nümayəndəlik institutu məhdudlaşdırıılanda, yəni, Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərin nümayəndə kimi proseslərdə iştirakı ilə bağlı qadağa gətiriləndə, ölkədə cəmi 900-ə yaxın vəkil var idi. Yəni 10 milyonluq əhali ilə münasibətdə, təsəvvür edirsiz də, hər 100 minə 1 vəkildən danışa bilirdik. Amma buna rəğmən Vəkillər Kollegiyasının üzvləri ilə yanaşı xeyli Vəkillər Kollegiyasına üzv olmayan hüquqşünasların mülki mübahisələrlə bağlı işlərdə nümayəndə kimi hüquqi yardım göstərmək imkanları var idi. Hardasa 5 minə yaxın rəqəmdən söhbət gedir. Təssəvvür edin ki, həmin islahat nəticəsində bu sektordan 5 min hüquşünasın yardımı götürüldü. Bütün fəaliyyət düşdü 900 vəkilin üzərinə. Düzü bu rəqəm bir az artırılıb. Haradasa bu gün 1500-1600 real fəaliyyət göstərən vəkildən söhbət gedir. Yəni, yenə də biz böyük rəqəm əldə edə bilməmişik. Məncə bu rəqəmlər artıq hər şeyi deyir. Hələ də biz Avropada əhalinin sayına görə hüquqi xidmət göstərən şəxslərin sayında ən aşağı yeri tuturuq.

Amerikanın Səsi: Siyasi məhbusların işi ilə bağlı məşğul olan vəkillərin vəziyyəti necədir?

Axır zamanlar bir çoxları ümumiyyətlə vəkillik fəaliyyətindən uzaqlaşdırılıb.

Xalid Bağırov: Gəlin, belə bir şey deyək. Əgər götürsək əvvəlki illəri, məsələn, ciddi təqiblərin başladığı illəri, 2010-cu illərdən bu yana. Son 10 ili götürə bilərik. Son 10 ildə problem daha da artmaqla gedir. Ölkədə zatən dediyiniz kateqoriya işlər ilə məşğul olan vəkillərin sayı məhduddur. Çox da böyük saydan söhbət getmir. Bu şəxslərin azlığına rəğmən, həmin şəxslərdən axır zamanlar bir çoxları ümumiyyətlə vəkillik fəaliyyətindən uzaqlaşdırılıb. Belə olan halda, hələ də yaxşılaşmadan danışmaq olmur. Baxmayaraq ki, Avropa məhkəməsinin iki vəkillə bağlı artıq qərarı var. Biri mən, digəri Elçin Namazov. Bunlarla bağlı dövlət hər hansı bir tədbir görməyib. Onların bərpası üçün də heç bir tədbir görmür. Belə olan halda hansı yaxşılaşdırmadan danışmaq olar?

Amerikanın Səsi: Ölkədə vəkillərin cəmi bir peşə birliyinin olması vəkillərin müstəqilliyinə necə təsir edir? Alternativ vəkillər birliklərinin yaradılmasına nə maneə olur?

Siyasi idarəetmə bütün sahələr üzərində basqı və nəzarət qurduğu kimi Vəkillər Kollegiyasını da tam ələ keçirib

Xalid Bağırov: Təbii ki, bu gün Vəkillər Kollegiyasının müstəqilliyi ancaq qanun üzərində mövcuddur. Qanunda yazılıb ki, Vəkillər Kollegiyası müstəqil qeyri-dövlət təşkilatıdır. Lakin əsl həqiqətdə Vəkillər Kollegiyası hakimiyyətin tam nəzarəti altında olan bir qurumdur. Yeri gəlmişkən, belə bir monopolist, inhisarçı təşkilatların olması hüquqa zidd anlayış deyil. Lakin bu təşkilatın müstəqil olması vacibdir. Bunun üçün heç də vacib deyil ki, bir neçə təşkilat olsun, monopolist olmasın. Monopolist ola bilər, real həddə bu çox müstəqil təsisat olmalıdır. Lakin Azərbaycanda biz bu qurumu müstəqil etməyin yolları haqqında heç bir təsəvvürümüz yoxdur. Mümkünlüyünü görmürük. Çünki, siyasi idarəetmə bütün sahələr üzərində basqı və nəzarət qurduğu kimi Vəkillər Kollegiyasını da tam ələ keçirib, onun üzərində nəzarət qurur. Belə bir halda artıq alternativ qurumlardan danışılır ki, alternativ qurumlar olsa bəlkə vəziyyət dəyişər. Qeyd edim ki, bunun da problemi ondadır ki, bu qurumların yaranmasına qanunvericilik imkan vermir.

Qeyd: Rəsmi Bakı ölkədə fundamental insan hüquqlarının tam bərpa edildiyini, müstəqil məhkəmə hakimiyyətinin mövcudluğunu bildirir. Dövlət rəhbərləri insanların baxışlarına görə təqib edilmədiyini, bütün insanların qanun qarşısında bərabər olduğunu bəyan edir.

Vəkillik institutuna gəlincə, bu sahədə hazırda ciddi islahatların aparıldığı bildirilir. Vəkillər Kollegiyasının rəhbəri yalnız intizam qaydalarını pozan vəkillərə qarşı intizam tədbirləri görüldüyünü deyir. Kollegiyanın sədri eyni zamanda ölkədə vəkillərin sayının artırılması üçün mütəmadi müsabiqələr keçirildiyini, regionlarda vəkil bürolarının təşkil edildiyini bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın Zaporijye bölgəsinə raket zərbəsi endirib
please wait

No media source currently available

0:00 0:12:04 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG