Mərkəzi qərargahı Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Bakıda məhkəməsi başlayan Xədicə İsmayılovanın müdafiəsinə həsr olunmuş bəyanat yayıb.
"Xədicə İsmayılovanın və bütün digər jurnalistlərin azad edilməsi Azərbaycan hökuməti üçün doğru qərar olardı və onun beynəlxalq imicinin yaxşılaşdırılmasına şərait yaradırdı", deyə təşkilatın sədri Nina Oqnyanova bildirib.
Bəyanatda xatırladılır ki, Azərbaycanda ən az 7 jurnalist və bloger həbsdədir, beynəlxalq təşkilatlar onları siyasi məhbus kimi tanıyır və onların azad edilməsini tələb edir. Konkret olaraq Xədicəyə gəlincə, o, saxta iqtisadi cinayətlər törətmək ittihamı ilə həbs olunub.
Əslində o, Azərbaycan hakimiyyətinin yüksək eşelonlarında korrupsiyanı, xüsusən hakim ailənin biznesini ifşa edən araşdırmalarına görə təqib olunur.
İrəli sürülmüş ittihamlara əsasən jurnalist uzunmüddətli həbs cəzasına məhkum edilə bilər.