Accessibility links

Yeni Azərbaycan Partiyası parlamentin buraxılması təşəbbüsü ilə çıxış edib


Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov mətbuat konfransı keçirib
Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov mətbuat konfransı keçirib

Müxalifətdə olan siyasi partiyalar bu təşəbbüsü birmənalı qarşılamır

Noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilər keçirilməsi təşəbbüsü irəli sürüb.

Parlament buraxılarsa, bu, Azərbayacan parlament tarixində ilk olacaq.

YAP-ın yeni parlament seçkiləri keçirilməsi təşəbbüsü müxalifətdə olan siyasi partiyalar tərəfindən birmənalı qarşılanmayıb.

YAP icra katibi Əli Əhmədov
YAP icra katibi Əli Əhmədov

Əli Əhmədov: Təşəbbüs prezidentin islahatlarını dəstəkləmək üçün irəli sürülüb

Bu gün keçirilən mətbuat konfransında YAP-ın icra katibi Əli Əhmədov bildirib ki, təşəbbüs prezident İlham Əliyevin həyata keçirdiyi islahatları dəstəkləmək məqsədi ilə irəli sürülüb.

Əli Əhmədov islahatlar aparılması üçün parlamentin tərkibinin yenilənməsinin vacib olduğunu deyib.

Bununla əlaqədar Siyasi Şura YAP-ın üzvü olan deputatları parlamentin buraxılması haqqında təşəbbüs irəli sürməyə və prezidentə müraciət göndərməyə çağırıb.

YAP-dan olan deputatlar təşəbbüsü müdafiə edərək, elə bu gün parlamentə müraciət qəbul edib.

"Ümid edirik ki, parlament yaxın günlərdə keçiriləcək plenar iclasında Milli Məclisin buraxılması xahişi ilə prezident İlham Əliyevə müraciət edəcək," Əli Əhmədov bildirib.

Əli Kərimli
Əli Kərimli

Əli Kərimli: Bunlardan islahat, azad seçki, filan gözləməyin

AXCP sədri Əli Kərimli bildirib ki, "parlament ona görə seçkiyə 1 il qalmış buraxılır ki, rejim seçkiləri qəfil və qışın ən soyuq aylarında keçirdib, növbəti dəfə saxtalaşdırsın".

“Başa düşürlər ki, indi etiraz elektoratının sayı günbəgün artır, xalq çox sürətlə təşkilatlanır. Gələn ilin payızına kimi ölkədə qüvvələr nisbətinin necə dəyişəcəyini hökumət də bilmir. Ona görə də tələsirlər. İndi təsdiq olunur ki, İlham Əliyevin anti-Avropa bəyanatları da daha bir seçkini saxtalaşdırmaq üçün verilirmiş. Əlbəttə ki, yaranmış yeni situasiya və nə etməli olduğumuz Milli Şura və AXCP strukturlarında ciddi müzakirə olunacaq. Ancaq bir şeyi əminliklə deyə bilərəm. Bunlardan islahat, azad seçki, filan gözləməyin. Daha bir seçkini oğurlamağa çalışırlar,” Əli Kərimli Facebook səhifəsində qeyd edib.

Arif Hacılı
Arif Hacılı

Arif Hacılı: Əvvəlcə ciddi seçki islahatları həyata keçirililməlidir

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, parlament buraxılmalıdır.

“Çünki xalqın səsverməsi, iradəsi ilə yaranmamışdı. Amma bunun əvəzində yenə eyni və ya oxşar parlamentin yaranmaması üçün əvvəlcə ciddi seçki islahatları həyata keçirililməlidir. Keçirdiyimiz Dəyirmi Masada və IX qurultayımızda irəli sürdüyümüz seçki islahatları təkliflərinin qəbul olunmasını, yalnız bundan sonra növbədənkənar seçkilərin keçirilməsini tələb edirik,” Müsavat başqanı qeyd edib.

İlqar Məmmədov
İlqar Məmmədov

İlqar Məmmədov: Vəzifəmiz seçkiyə gedib nəticə göstərməkdir

ReAL Partiyasının sədri İlqar Məmmədov Amerikanın Səsinə bildirib ki, parlamentin buraxılmasını müsbət dəyərləndirir.

İlqar Məmmədov: Vəzifəmiz seçkiyə gedib nəticə göstərməkdir
please wait

No media source currently available

0:00 0:01:20 0:00

“Hesab edirik ki, parlamentin buraxılması üçün bizim 40 min seçici imzası ilə müraciətimizi may ayında parlament qəbul etməyəndə Milli Məclisin buraxılması üçün konstitusion əsas yaranmışdı. Sadəcə prezident İlham Əliyev həmin vaxt konstitusion səlahiyyətindən istifadə etmədi. İndi başqa əsas gətirərək Milli Məclisi buraxır. Hər halda, bu, müsbət hadisədir və biz parlament seçkilərinə hazırlaşmalıyıq,” o qeyd edib.

“Bizim vəzifəmiz seçkiyə gedib nəticə göstərməkdir,” Məmmədov əlavə edib.

Parlamentin buraxılmasının qanuni əsasları

Azərbaycan Milli Məclisi 125 deputatdan ibarətdir. Hazırda parlamentdə 118 deputat fəaliyyət göstərir. Deputatların 70 nəfəri hakim partiyanın üzvüdür.

Azərbaycan Respublikası Konstitusiyasının 98 (1)-ci maddəsinin I hissəsinə əsasən, Milli Məclisin eyni çağırışı 1 il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, bu Daxili Nizamnamənin 20-ci maddəsinin birinci hissəsində müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisi buraxır.

Hüquqşünaslar hesab edir ki, hakim partiyanın üzvü olan 70 deputat mandatından imtina etdiyi halda yeni seçkilər təyin edilə bilər. Çünki konstitusiyaya görə, Milli Məclisin iclası 83 deputat iştirak etdikdə səlahiyyətlidir.

Hakim partiyanın üzvü olan 70 deputat mandatından imtina etdiyi halda parlamentin iclasının səlahiyyətli olması üçün lazım olan 83 deputat olmayacaq.

Qanunvericiliyə görə, Milli Məclisə yeni seçkilər azı 60 gün müddətində keçirilə bilər.

XS
SM
MD
LG