Accessibility links

Bakı “Yer saatı”nı qeyd edəcək


Yer saatı
Yer saatı

Martın 28-də Bakıda “Yer saatı” beynəlxalq kampaniyası çərçivəsində tədbir keçiriləcək.

AZƏRTAC agentliyinin məlumatına görə, proqram çərçivəsində qlobal aksiyanın iştirakçıları özləri ilə fənər, alışqan götürərək yerli vaxtla saat 20:00-da Bakıda Azadlıq meydanında toplaşacaqlar. Bir saat ərzində - saat 20:30-dan 21:30-dək Hökumət Evinin və “Marriott Absheron” otelinin fasadının işıqlandırılması dayandırılacaq. Bundan başqa, “Critical Mass Baku” veloturu keçiriləcək, habelə aksiyanın nümayəndələri müxtəlif moblarda iştirak edəcəklər. Layihə saat 22:00-da başa çatacaq.

Yer saatı
Yer saatı

“Yer saatı” (“Earth Hour 2015”) beynəlxalq kampaniyası çərçivəsində martın 28-də dünyanın müxtəlif bölgələrində yaşayan bir milyarddan çox insan iqlim dəyişikliyinə qarşı həmrəylik nümayiş etdirmək üçün birləşəcək. Bu, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) hər il keçirdiyi beynəlxalq tədbirdir.

“Yer saatı” təbiətə qayğıkeş münasibətin, planetin məhdud resurslarına qayğının rəmzidir. Bu, bəşəriyyət tarixində ən kütləvi ictimai aksiyadır. Hər il mart ayının son şənbə günü saat 20:30-da milyonlarla insan bu aksiyada iştirak edir. Həmin insanlar iqlim dəyişikliyi probleminə diqqəti artırmaq üçün bir saatlığa işığı və həmin vaxt vacib olmayan digər elektrik cihazlarını söndürür. “Yer saatı” zamanı aksiyada iştirak edən böyük şəhərlərin rəmzi olan binaların da işıqları söndürülür. Bu aksiya ilk dəfə 2007-ci ildə Sidneydə keçirilib. Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatına görə, bu il “Yer saatı” aksiyasında dünyanın 156 ölkəsinin sakinləri iştirak edəcəklər.

2011-ci il martın 26-da Bakının rəmzi olan Qız qalasında və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda bir saat ərzində işıqlar söndürülüb və beləliklə, Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin sırasına daxil olub.

“Yer saatı” kampaniyasının (www.earthhour.org) Azərbaycan üzrə rəsmi əlaqələndiricisi IDEA (ətraf mühitin mühafizəsi üzrə beynəlxalq dialoq) İctimai Birliyidir.

XS
SM
MD
LG