Accessibility links

Yumurtanın və dərmanın qiymətini artıranlar cəzalandırılır


Yumurta
Yumurta

“Giləzi – Quşçuluq Şirkəti” MMC, “Hacıqabul Quşçuluq Şirkəti” MMC və “Astel LTD” MMC–nin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yumurtanın pərakəndə satış qiymətinin bahalaşdırılması ilə istehlakçıların mənafeyinə mühüm ziyan vurulması halları müəyyən olunduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yanvarın 12-də fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə cinayət işi başlanıb.

İqtisadiyyat və Sənaye Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında deyilir ki, hazırda təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bundan başqa, Bakı şəhərində “Alfa med” Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə meneceri İbadulla Hüseynov tərəfindən “Grateziano” dərman vasitəsinin dəyərindən dəfələrlə artıq qiymətə satması müəyyən edilib.

Cəmiyyətin anbarına aparılmış baxış zamanı külli miqdarda gömrük bəyannaməsi olmayan dərmanlar aşkar olunub.

Eyni zamanda, şirkət tərəfindən 48 adda külli miqdarda müxtəlif dərman və tibbi ləvazimatlar aşkar edilib, həmin dərmanların Tarif Şurası tərəfindən müəyyən olunmuş qiymətlərdən daha artıq qiymətə satılması müəyyən edilib.

Dərman
Dərman

“Alfa med” MMC-nin ofisinə baxış zamanı bir sıra zəruri sənədlər, dərman nümunələri, həmin dərmanların müvafiq sənədləşmə olmadan satışının həyata keçirilməsi, müxtəlif şəxslər vasitəsi ilə qanunsuz olaraq satılması, şirkətdə qara mühasibatlığın aparılmasına dair mühüm əhəmiyyət kəsb edən kitablar və digər qeydlər aşkar edilərək götürülüb.

Toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 308.1 və 200.1-ci maddələri ilə cinayət işi başlanmaqla “Alfa med” MMC-nin təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Əfqan Xudaverdiyev və İ.Hüseynov şübhəli şəxs qismində saxlanılıb.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir daha sahibkarlıq subyektlərinə süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması və digər sui-istifadə hallarına yol verməməyi tövsiyə edir və bu kimi hallara yol verən şəxslərin barəsində qanunla nəzərdə tutulmuş ən ciddi cəza tədbirlərinin görüləcəkləri barədə xəbərdarlıq edir.

Bir neçə gün öncə Nazirlər Kabinetinin növbədənkənar iclasında prezident İlham Əliyev manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə hallarının qarşısının alınması üçün Baş Prokurorluğa göstəriş verib.

Prezident süni qiymət artımına rəvac verən işbazların cəzalandırılmasını tələb edib.

XS
SM
MD
LG