Accessibility links

Baş prokuror Zakir Qaralov 20 il sonra bu vəzifədən gedir


Baş prokuror Zakir Qaralov 20 il sonra bu vəzifədən gedir. Artıq prezident onun yerinə başqa bir namizədi parlamentə təqdim edib.

İddialar, mükafatlar

Z.Qaralov 2000-ci ildə bu vəzifəyə gətiriləndə Gürcüstan prezidenti Eduard Şevardnadze ilə yaxşı münasibətləri olan, riyaziyyatçı və deputat əmisi Zahid Qaralovun əlaqələri sayəsində baş prokuror olduğunu iddia edənlər vardı. Onun baş prokuror olduğu ilk illərdən fəaliyyəti ilə bağlı yerli mətbuatda çox sayda tənqidi məqalələr yer alıb, spirtli içkiyə aludəçiliyi, korrupsiyaya bulaşması ilə bağlı suçlamalar səslənib. Amma bu cür iddiaların səslənməsinə rəğmən o, 20 il baş prokuror vəzifəsini daşıdı, dövlət tərəfindən fəaliyyəti yüksək dəyərləndirildi.Prezidentin 26 dekabr 1995-ci il, 29 sentyabr 2006-cı il və 28 sentyabr 2018-ci il tarixli sərəncamları ilə "İgidliyə görə" medalı , "Azərbaycan bayrağı" və 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif edilib. 29 sentyabr 2008-ci ildə "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adına layiq görülüb.

Z.Qaralov I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv ölkələrin Assambleyasının sədridir.

64-yaşlı baş prokuror bu vəzifəyə gələnədək Bakı şəhəri Səbail rayon prokurorunun köməkçisi, 1981-2000-ci illərdə Baş Prokurorluğun ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun Milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, ümumi nəzarət idarəsinin prokuroru və böyük prokuroru, Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində işləyib.

"Siyasi hakimiyyət güclü prokuror istəmir"

Ancaq müstəqil hüquqşünaslar onun haqqında fərqli fikirdədirlər. Hüquqşünas Xalid Bağırovun qənaətincə, Azərbaycan siyasi hakimiyyəti heç zaman güclü baş prokurorun olmasını istəməyib: "Azərbaycanın müstəqilliyi dönəmindəki baş prokurorları güc və nüfuzuna görə ard-arda yığsaq Zakir Qaralov axırdan birinci və ya ikinci yerdə olacaq. Bildiyim qədər baş prokuror olana qədər onun Baş Prokurorluq sistemində ciddi nüfuzu olmayıb. Baş prokuror olandan sonra da imici dəyişməyib. Amma baş prokurorun ciddi nüfuzu olmalıdır. Azərbaycanda sistemli baş verən cinayətlər var, məsələn, korrupsiya kök salmış cinayətdir. Baş prokuror ilk növbədə onu məhv etməklə məşğul olmalıdır. Bunun üçün də güclü xarakter, iradə lazımdır. Yəni, sistemə, cəmiyyətin böyük əksəriyyətinə qarşı gedə bilməlidir. Zəif nüfuzu və xarakteri onun baş prokuror olmasına imkan vermədi. Çox təəssüf ki, ən uzunmüddətli baş prokuror da o oldu".

"Tikinti şirkətinin, yumurta imperiyasının rəhbəri"

Keçmiş müstəntiq Rüfət Səfərov son 20 ildə baş prokurorun üzərinə düşən qanuni öhdəliklərin, konstitusion statusun kənarda qaldığını, onun Azərbaycanda avtoritar rejimin vasitəsinə çevrildiyini deyir. O, eyni zamanda, baş prokurorun vəzifəsi ilə bir araya sığmayan biznes fəaliyyəti ilə məşğul olduğunu iddia edir:"Heç kimə sirr deyil ki, Zakir Qaralov böyük tikinti şirkətlərindən birinin rəhbəri kimi fəaliyyət göstərib. Uzun illər yumurta idxalının inhisarçısı kimi tanınıb, onun ləqəbi də var: "yumurta imperiyasının rəhbəri". Bütün bunlar hüquq sisteminin, cəmiyyətin, bütövlükdə dövlətin faciəsi kimi qiymətləndirilməlidir. Azərbaycan prokurorluq sistemi son 20 ildə öz mahiyyətindən xeyli kənarlaşıb".

"Baş prokuror sistemli mübarizə aparmalıdır"

Z.Qaralovun dövründə açıq qalan, cinayətkarın tapılmadığı cinayət işləri də olub. Bunlardan biri "Monitor" jurnalının redaktoru, 2005-ci ildə güllələnən Elmar Hüseynovun qətlidir. Və ya yazıçı-publisist Rafiq Tağını bıçaqlayan şəxs hələ də azadlıqdadır, sifarişçilər də bəlli deyil."O, siyasi hakimiyyətin aləti olduğuna, Prezident Administrasiyasından gələn təlimatların mahir icraçısı olduğuna görə bu və buna bənzər səs-küylü cinayət işlərinin açılması, cinayətkarların ifşa edilməsi mümkün olmayıb. Zakir Qaralov baş prokuror kimi prezidentdən sonra yetərincə səlahiyyətlərə sahibdir. Söhbət hüquqi statusdan gedir. Amma o, bu səlahiyyətlərdən, statusdan yararlanmayıb. O bu illər ərzində müxalifətə, müxalif düşüncəli şəxslərə, dördüncü hakimiyyətin nümayəndələrinə, vətəndaş cəmiyyətinin təmsilçilərinə qarşı zaman-zaman repressiya aparıb. Bir neçə il öncə vətəndaş cəmiyyəti üzvlərinin həbsi, media mənsublarının ard-arda təqibi hamının yadındadır. Onun çalışdığı dövrdə günahsız, təqsirsiz, müxalif düşüncəli insanlara repressiyalara məruz qalıb. Belə biri prokurorluğa ləkədir", R.Səfərov belə deyir.

X.Bağırov isə baş prokuror vəzifəsini konkret cinayət işinə bağlamağı düzgün saymır. Onun sözlərinə görə, baş prokuror cinayətkarlıqla sistemli mübarizə aparmalıdır: "Məsələn, deyə bilər ki, tikinti korrupsiyasını sıfırlayacaq. Son 20 ildə çox ciddi cinayətlərdən biri də tikinti şirkətlərinin vətəndaşları aldatması ilə bağlı idi. Baş prokurorun fəaliyyəti bir-iki cinayət işi ilə bitməməlidir.

2005-ci ildə Daxili İşlər Nazirliyinin baş əməliyyat müvəkkili Hacı Məmmədov və dəstəsi Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı qaçırıb. Hacıyeva keçmiş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi, böyük hay-küyə səbəb olmuş "Qara kəmər" əməliyyatı nəticəsində azad olunub, H.Məmmədov və onunla bərabər 20-dən çox adam həbs edilib.

Prezidentin zəngi və...

Haqqında səslənən tənqidlərə, çoxsaylı iddialara baxmayaraq, prezident İlham Əliyev aprelin 30-da Zakir Qaralova zəng edib. Prezidentin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı baş prokurorun bu vəzifədə Heydər Əliyevin dövlətçilik prinsiplərinə sədaqətlə xidmət etdiyini vurğulayıb, özünün prezidentlik fəaliyyəti dövründə də prokurorluq orqanlarının işinin təkmilləşdirilməsi istiqamətində onun gördüyü işləri qeyd edib.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, hakimiyyətyönlü deputat, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc da parlamentdə prokurorluq orqanlarının işi ilə bağlı tənqidlərlə çıxış etdiyini, nöqsanları ictimailəşdirdiyini bildirir. O, bu məsələdə dövlətçilik mövqeyindən çıxış etdiyini vurğulayır.

Z.Orucun dediyinə görə, yeni prokuror təyinatı prezidentin 2019-cu ildən başladığı yeniləşmə siyasətinin ən mühüm göstəricilərindən biridir. Deputat prezidentin ötən ilin aprelində məhkəmə-hüquq sistemində islahatlarla bağlı imzaladığı sənədi, qanunvericilikdə dekriminallaşma getdiyini xatırladır. Onun sözlərinə görə, hüquq sisteminin humanistləşməsi həm də prokurorluq orqanlarının fəaliyyəti ilə bağlıdır. O, yeni baş prokurorun gəlişi ilə bu qurumun imicinin, fəaliyyətinin əhatə dairəsinin dəyişəcəyinə, ictimai mənafelərin qorunması üçün daha ciddi addımlar atacağına, Baş Prokurorluğun reputasiyasının müsbətə doğru dəyişəcəyinə ümid edir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG