Accessibility links

Zalmay Xəlilzad: Ekstremistlər insanların dini hisslərindən sui-istifadə edir [Video]


Səfir Zalmay Xəlilzadla Müsahibə
please wait

No media source currently available

0:00 0:06:13 0:00
ABŞ-ın BMT, İraq və Əfqanıstanda sabiq səfiri olmuş Zalmay Xəlilzad Amerikanın Səsinə müsahibədə Məhəmməd Peyğəmbəri təhqir edən filmə qarşı müsəlman aləmində baş qaldırmış etiraz dalğası haqda danışıb. Səfirin sözlərinə görə müsəlman aləmində ciddi siyasi dəyişikliklər yaşanılır və başda ABŞ olmaqla Qərb qüdrətləri regionda liberal tendensiyalara dəstək verməlidirlər.

Sual: Ötən bir neçə gündə Yaxın Şərq və müsəlman dünyasının bəzi guşələrində “Müsəlmanların Məsumluğu” adlı Məhəmməd peyğəmbəri təhqir edən filmə görə etiraz askiyaları vüsət alıb. Baş verənlər ABŞ-ın müsəlmanlar arasında reputasiyasına nə dərəcədə ciddi xələl gətirir?

Cavab: Bu çox ciddi məsələdir və insidentdir. Həyat itkisi baş verib. ABŞ-ın səfiri öldürülüb. Biz hələ də filmlə bağlı nəyin baş verdiyini ətraflı bilmirik. Aydındır ki, bu, çox ziyanlı bir əməl idi. Amerikadakı azadlıqlardan istifadə edərək Amerikanın müsəlman dünyası ilə əlaqələrinə ziyan vurulub. O biri tərəfdə isə ekstremistlər insanların İslam və Məhəmməd peyğəmbərə olan hisslərindən, habelə ABŞ-da mövcud olan azadlıqlar haqda məhdud biliyə malik olan adamlardan sui-istifadə edərək ABŞ-ın regionla münasibətlərinə, onun bu regiondakı nüfuzuna zərbə endiriblər.

Sual: Bəziləri güman edir ki, bu aksiyalar dindar radikallar tərəfindən bilərəkdən qızışdırılır. Ortada məlumatlar dolaşır ki, Liviyanın Benqazi şəhərindəki ABŞ konsulluğuna edilən hücum qabaqcadan planlaşdırılmış ola bilərdi. Bu iddialar həqiqətə nə dərəcədə uyğundur? Mümkündürmü ki, Əl-Qaida və başqa radikal qruplar situasiyadan yararlanmağa çalışırlar.

Cavab: Benqazidəki konsulluğa hücuma, səfirin və bir neçə başqa amerikalının öldürülməsinə gəldikdə hələlik nəyin dəqiq baş verdiyini bilmək çətindir. Adətən müharibə dumanında belə insidentləri müəyyənləşdirmək çətin olur. Amma şübhə yoxdur ki, ekstremistlər öz məqsədlərinə çatmaq üçün, ABŞ-ın region əhalisi ilə münasibətlərini korlamaq üçün vəziyyətdən bəhrələnməyə çalışırlar. Zənnimcə artıq bu məsələdə müəyyən ziyan dəyib. Ən azı Amerikadakı reaksiyalar baxımdan. Əslində həmin regiondakı reaksiyalar nisbətən mülayim olub, amma baş vermiş insident Amerikada insanların Ərəb Baharı haqda düşüncələrinə təsir göstərib. İnsanlar fikirləşirlər ki, ABŞ nə etməli yaxud etməməlidir. Bunun təsiri olub.

Sual: Amerikada bəziləri deyirlər ki, müsəlmanlara münasibətdə üzr diləyici ton gərginlikləri azaltmayıb, əksinə, daha da artırıb. Birləşmiş Ştatlar müsəlman aləmində qəzəbin yayılmasının qarşısını almaq üçün nə edə bilər?

Cavab: Ən yaxşısı Amerikanın öz demokratiya, tolerantlıq, iqtiadi inkişaf və qanun aliliyi dəyərlərinə sadiq qalması olardı. Zənnimcə insanlar hər yerdə eynidilər. Onlar iqtisadi sabitlik, ailələri üçün dolanışıq istəyirlər. İstəyirlər ki, siyasi gələcəklərini müəyyən edə bilsinlər. Əin əsası da təhlükəsizlik istəyirlərAmerika müsəmanlar çətin məqamlarda kömək etmək üçün çox işlər görüb. Bosniyaya baxın, yaxud da Əfqanıstanda sovetlərə qarşı mübarizəyə. Bu siyahını uzatmaq olar. Məsələ bundadır ki, islam siviliasiyanın daxilində hazırda İslamın müasir dövr üçün interpretasiyasına dair bir mübarizə gedir. Ortada dünyəvi, mötədil, və radikal qüvvələr var. Bu regionlar dünya, başlıca olaraq Qərb və ABŞ arasındakı başlıca ixtilaf nöqtəsi bundan ibarətdir ki, ABŞ dünyanın bu hissəsində baş verən dəyişikliyə yardım göstərməlidir. Soyuq müharibə zamanı Amerika regional stabiliyə diqqət yetirər və Sovet ittifaqı ilə rəqabətə daha çox önəm verərdi. Bu stabillik isə o demək idi ki, ABŞ regiondakı rejimləri dəstəkləyir. Amma bu ölkələrin daxilində baş verənblər sakinlər üçün çox mühüm idi. Bu, həmişə beə olub. Bu, dünya üçün də mühümdür. Necə ki, 18-19, 20-ci əsrdə Avropa dünyadakı proseslərdə mərkəzi rol oynayırdı, hazırda Yaxın Şərq və Cənubi Asiya da belə bir önəm daşıyır və burada baş verənlər bütün dünyaya təsir göstərir.

Sual: Bu nümayişlər ABŞ-ın Ərəb Baharı ilə bağlı siyasətinə necə təsir göstərə bilər? Məsələn mümkündürmü ki, inqilabların müvəffəq olduğu regionlarda baş verən aksiyalar Suriyada üsyançılara dəstəyin azaldılmasına səbəb olsun.

Cavab: Əlbəttə ki, mümkündür. İlk öncə Ərəb Baharını insanlar demokratiyanın qələbəsi adlandırır, 1989-cu ildə Şərqi Avropadakı dəyişikliklə müqayisə edirdilər. İndi bu insidentə görə bəzi adamlar deyirlər ki, Ərəb Baharını Ərəb Qışına çevrilib. Fakt budur ki, əvvəl mövcud olan rejimlər bu xalqların mənafelərinə cavab vermirdilər. Bu üsyanlar indiyədək sıxılan qüvvələrə sərbəstlik verib. Regionun taleyi uğrunda cərəyan edən mübarizə çox vat aparacaq və bu bir çox istiqamətlərdə gedə bilər. ABŞ-ın rolu bu dəyişiklikləri demokratik və liberal təkamülə tərəf yönəltməkdir. Bu, o demək deyil ki, Misirdə hakimiyyətdə olan Müsəlman Qardaşları ilə əməkdaşlıq olunmasın. Onlarla işləmək vacibdir. Amma həmçinin liberal qüvvələri dəstəkləmək lazımdır. Çünki bu partiyalarda hakimiyyəti inhisarlaşdırmağa, mərkəzləşdirməyə doğru bir tendensiya var. Həmçinin onların köklərində Qərbə qarşı müəyyən hisslər var. Bu qüvvələri balanslaşdırmaq lazımdır ki, qarşılıqlı nəzarət olsun. Bunun üçünsə alternativ təsisatları, müstəqil məhkəməni, sivil cəmiyyəti gücləndirmək gərəkdir. Bu yolla siyasi partiyaları daha tolerant və demokratik olmağa istiqamətləndirmək olar.
XS
SM
MD
LG