Gənc ictimai fəal Zaur Qurbanlı Amerikanın Səsinə müsahibəsibndə Azərbaycanda gənclərin fəaliyyəti, hökumətin gənclərlə bağlı siyasətindən danışıb.
Amerikanın Səsi: Azərbaycan hökumətinin gənclərlə bağlı proqramlarını effektli hesab edirsinizmi?
Zaur Qurbanlı: Hökumətin gənclərlə bağlı proqram adlandırdığı hər hansı bir sənədi sadəcə imitasiya hesab edirəm. Ümumiyyətlə Qərb İnstitutları qarşısında götürdükləri öhdəliklərin yerinə yetirilməsi çərçivəsində bir imitasiyadır. Yəni onların həmin proqram çərçivəsində gənclərin inkişafını həqiqətən istədiklərini, belə bir niyyətlərin olmasına inanmıram. Çünki görsənən budur ki, Azərbaycanda çoxsaylı gənc işsiz ordusu var. Çoxlu gənc xaricə axışır. Bununla bağlı tədbir görülmürsə deməli proqramlar əslində mənasızdır.
Amerikanın Səsi: Gənclərin keyfiyyətli təhsilə cəlbi sahəsində hansı işlər görülür?
Azərbaycanın heç bir universiteti beynəlxalq reytinq siyahılarına düşmür.
Zaur Qurbanlı: Hökumət tərəfindən deyirsinizsə, hesab edirəm ki, görülən işin miqyası çox azdır. Deməli xaricdə təhsillə bağlı bir proqram var idi. O proqram bir ara sürətlə başladı. Sonra Qərb ölkələrində humanitar fənlər üzrə təhsil almağı, daha doğrusu, bura pul ayırmağı saxladılar. Yalnız Çin, Rusiya kimi ölkələrə humanitar sahələr üzrə tələbə göndərməyə başladılar. Sonra ümumiyyətlə xaricdə təhsilə pul ayrılmasını dayandırdılar. Amma, mən, bir neçə gənc tanıyıram ki, dövlət xətti ilə xaricdə təhsil alır, həqiqətən onların yaşayışı, təhsili üçün kifayət qədər pul ayrılır. Ona görə də yalnız bu dərəcədə effekti var. Amma ölkədaxili təhsilin səviyyəsini hamımız bilirik, çox bərbad vəziyyətdədir. Azərbaycanın heç bir universiteti beynəlxalq reytinq siyahılarına düşmür. Universitetlərdə korrupsiya var. Təbii ki, son vaxtlar bəzi korrupsiya hallarını yığışdırmağa cəhd göstəriblər, uğurları da var. Ümumi təhsilin səviyyəsi çox aşağıdır.
Amerikanın Səsi: Gəncləri ölkənin ictimai-siyasi həyatında, vətəndaş cəmiyyəti sektorunda söz sahibi hesab etməık olarmı?
Qqeyri hökümət təşkilatlarının da, Qərb İnstitutlarının da gözündə nüfuzu olan insanların hamisi yaşlı nəsildir. Mən burada gəncləri bacarıqsızlıqda qınamazdım.
Zaur Qurbanlı: Bu məsələ mənim, şəxsən, ağrılı yerimdir. Bizdə məsələn müxalifətin, vətəndaş cəmiyyətinin problemi hakimiyətlədir. Amma gənclərin problemi həm hakimiyyətlədir, həm də yaşlı nəsillərdir. Yaşlı nəsil fərqi yoxdur, müxalifətdədi, ictimai sektordadı, hakimiyyətdədi onlar gənclərin irəli getməsini istəmirlər. Bu baxımdan mən bir şeyi qeyd etmək istərdim ki, gənc adlandırılan insanlar tək yaşla deyil. Rəsmi olaraq belədir. Əvvəl 35 idi, sonra səhv eləmirəmsə 28 yaşa saldılar. Belə insanlar var ki, əslində ruhu gəncdir. Həmişə tərəqqiyə, proqresə meylli insanlar, belə insanlar çox azdır. Azərbaycanda olan əksər gənc yaşda olan adamların da proqreslə arası yoxdur. İnsanlarin bir hissəsi mentalitetə, bir hissəsi dinə bağlıdır. İnsanlar ümumiyyətlə korrupsiyanı, ölkənin ictimai-siyasi həyatında baş verən hadisələri özünə problem hesab etmir. Hesab edirəm ki, bunlar gənc deyillər. Bunlar yaşlı nəslin təbliğ etdiyi sükunət halında olan həyatda yaşamağı daha üstün tuturlar. Sırf vətəndaş cəmiyyətindən danışsaq, burada da, yaşlı nəsil tərəfindən gənclərə imkan verməməyə maksimum cəhd olunur. Məsələn, siyasi partiyaların rəhbərliyində gənclər yoxdur. Tanıdığımız partiyalar, - AXCP-nin, Müsavatın 25-26 il ərzində hakimiyyətdə olmadığı bir dövrü deyirəm. 26 il ərzində bir gənc kadr yetişdirib başqanlığa və yaxud sədrliyə namizəd göstərə bilmədilər. Əgər onlar hakimiyyətdən devriləndə, doğulan uşağı yetişdirməyə başlasaydılar hazırda o uşağın 26 yaşı olardı.Yaxşı kadr olardı. Bunlar heç kimin üzərində işləmədilər. Həmçinin qeyri hökümət təşkilatlarının da, Qərb İnstitutlarının da gözündə nüfuzu olan insanların hamisi yaşlı nəsildir. Mən burada gəncləri bacarıqsızlıqda qınamazdım. Azərbaycandan son vaxtlar xaricə böyük axın var. Bacarıqları da var. Oxuyurlar, gəlirlər. Mən özüm oxumuşam. Bilirəm ki, xaricdəki təhsillə müqayisə edəndə bizdə təhsil adında bir şey yoxdur. Yəni bacarıqlı olsalar da, onlar qabağa gedə bilmirsə, deməli, problem yaşlı nəsldədir.
Amerikanın Səsi: Gənclərin dövlətin idarə olunmasında rolu barədə nə deyə bilərsiniz? Hökumətdə gənclər qəraraverici vəzifələrə irəli çəkilirmi?
Azərbaycan hökuməti, parlamenti, məhkəmə sistemi çox qocadır.
Zaur Qurbanlı: Təəssüf ki, Azərbaycan hökuməti, həmçinin parlamenti, hətta məhkəmə sistemi çox qocadır. Yəni yenicə demokratikləşməyə başlayan Gürcüstan kimi, Qırğızıstan, Ukrayna kimi ölkələrdə bu yaş həddi xeyli aşağıdır. Yəni 30, hətta ondan da aşağı ola bilər. Amma bizdə 70-80 yaşlı nazirlər var. Eləcə də parlament üzvləri var. Burada əsas problem onu görürəm ki, bizdə seçki yoxdur. Parlament seçki nəticəsində formalaşmır. Təyinat nəticəsində formalaşır. Eləcə də hər yerdə korrupsiya var. Sən hər hansı vəzifəyə keçirsənsə, mütləq korrupsiya ilə məşğul olub, piramidanın mövcudluğunda öz töhfəni verməlisən. Gənclərin buna marağı azdır. Kimsə başqasının əli altında işləməyə, xüsusən də qeyri-qanuni şəkildə işləməyə o qədər də həvəs göstərmir. Onlar özlərini başqa yerdə realizə edirlər. Mən hesab edirəm ki, bu hakimiyyət hətta vəzifə təklif etsə də o qədər adam cəlb edə bilməyəcək. Faktiki heç təklif də etmirlər.
Amerikanın Səsi: Gənclərinin Azərbaycanın Avroatlantik məkana inteqrasiyasında rolunu necə dəyərləndirərdiniz?
Ümumiyyətlə Azərbaycanın məqsədi Avropaya inteqrasiya olmalıdır.
Zaur Qurbanlı: Avroatlantik məkan, söhbət NATO, Avropa Birliyi, Avropa Şurası kimi qurumlardan gedir. Hesab edirəm ki, ümumiyyətlə Azərbaycanın məqsədi Avropaya inteqrasiya olmalıdır. Çünki burada, müasir dediyimiz, modern dəyərlər var. Yəni humanizm, bildiyimiz demokratik dəyərlər, insan hüquqları. Yəni bunların əsas təbliğatçılarıdır, hərəkatverici qüvvəsidir. Onların arxasınca getməyi düşünürəm. Bu dəyərlər bəşəriyyətin gəncliyidir. Yəni bşəriyyətin gəncliyi 17-18-19-cu əsrlərdən sonra meydana çıxan dəyərlərdi. Əsas oturuşu əsasən 20-ci əsrdir. Yəni bu çox gənc dəyərlərdi. Əslində bu dəyərləri müdafiə etmək gənclərin işidir. Bizim işimiz odur ki, gənc olaraq ölkəni Qərbə aparaq, yəni bizim işimiz ölkəni 1400 il qabaq şəriət sisteminə götürmək deyil, 10 min il qabaq adət-ənənə sisteminə götürmək deyil. Yəni, bizim, mentalitetin, dinin, eləcə də yaşlı nəslin patrialxal münasibətlərinin əleyhinə çıxaraq, Qərb dəyərlərini götürmək vəzifəmiz var. Amma gənclər hazırda bu rolu oynaya bilmirlər. Çünki bayaqdan haqqında danışdığımız hakimiyyətdə təmsil oluna bilməmələri, vətəndaş cəmiyyəti təmsilçilərinin zəif olması, eləcə də müxalif siyasi partiyalarda idarəetmə orqanlarında təmsilçiklərinin zəif olması, onların bu istəklərinin reallaşdırmağa imkan vermir.