Keniyada qaçırılan əcnəbi yardım işçiləri azad edilib

Keniya və Somali rəsmiləri deyir ki, keçən həftə Keniyadakı qaçqın düşərgəsindən oğurlanaraq Somaliyə aparılan 4 əcnəbi yardım işçisi xilas edilib.

Rəsmilərin sözlərinə görə, yardım işçilərinin xilası gecə yarısı Somalidə qısa silahlı atışmadan sonra baş tutub.

Keçən həftənin cümə günü Keniya polisi bildirmişdi ki, Norveç Qaçqınlar Şurasının əməkdaşları olan əcnəbilər naməlum şəxslərin hücumuna məruz qalaraq oğurlanan zaman bir nəfər öldürülüb.

Əcnəbilərin qaçırılması faktı Keniyanın Somali ilə sərhədi yaxınlığındakı Dadaab qaçqın kompleksində qeydə alınıb. Dadaab kopleksi 450 mindən çox somalili qaçqına sığınacağıdır. Buradakı qaçqınlar əsasən xroniki xəstəliklər, quraqlıq və yoxsulluq səbəbilə evlərini tərk edib.

Yerli polis Amerikanın Səsinə bildirib ki, xilas edilən əcnəbilərdən biri Norveçli, biri kolumbiyalı, pakistanlı və filippinli, qaçırılma zamanı öldürülən şəxs isə keniyalı olub.

Keçən həftə baş vermiş hücuma görə məsuliyyəti heç kəs öz üzərinə götürməyib. Ancaq Dadaab və qonşu ərazilərdə baş vermiş oxşar hadisələrə görə Keniya rəsmiləri Somalinin yaraqlı qrup olan Əl-Şababı günahlandırıb. Yaraqlı qrup Keniyada insanları qaçırdığını rədd edir.