Bu kəndin sakinləri ümid edirlər ki, Xınalıq qədər cəlbedici ola biləcəklər. Amma indi kəndin yolu dağılmış vəziyyətdədir

Yay fəslinin olmasına baxmayaraq, Qubanın Qrız kəndinə gedən yolda duman və yağışa düşmək adi haldır. Dəniz səviyyəsindən 2000 metr hündürlükdə yerləşən bu kənddə avtobus işləmədiyindən sakinlər rayon mərkəzinə getmək üçün UAZ və Niva maşınları sürücülərinə hər dəfə 50-60 manat ödəməli olurlar.

Təxminən 300 manat təqaüd alan kənd sakinləri üçün bu böyük rəqəm olsa da, ayda bir dəfə ehtiyacları olan ərzaqları almaq üçün mərkəzə getməyə məcburdurlar. Son zamanlar yolun dağılması da, onlara əlavə çətinliklər yaradıb.

Pandemiya dövründə Qrız kəndinə yeni yol çəkilsə də, bir müddət sonra həmin yolun bir hissəsi tamamilə dağıldı. Sakinlərin dediyinə görə, yolun təmiri ilə bağlı heç bir qurum maraqlanmayıb: “Qrızda tibb məntəqəsi yoxdur. Yolun dağılması, vəziyyətimizi daha da ağırlaşdırdı. Bir adam xəstələnsə, həkimə çatdırmaq mümkün olmayacaq”. 

Vaxtilə 2,000-dən sakini olan bu kənddə indi 150-200 insan yaşayır. İşsizlik səbəbilə gənclər ətraf rayonlara köçüblər.

Kənddə qalanların əksəriyyətini təşkil edən yaşlılar əsasən mal-qaranı otarmaqla, ya da əkin-biçinlə məşğuldurlar.

Şahdağ xalqları qrupuna aid olan qrızlıların öz dili, ədəbiyyatı, mədəniyyəti və tarixləri var. Kənd sakini olan Şıxbaba dayı, Qrız əlifbasını təkmilləşdirməklə məşğuldur. O, əlifbanın hazırlanması üçün xüsusi izahlı lüğət də tərtib edib.

Özündən başqa bu işi görən olmadığını deyən Şıxbaba dayı qrız dilinin yaşaması üçün bütün gücü ilə çalışmaqdadır. Deyir ki, xəstəlik imkan versə, işi sona qədər tamamlayacaq, alınmasa bu iş yarımçıq qalacaq.

88 yaşlı Əbdürrəhman kişi kəndin ən yaşlı sakinidir.

Yoldaşı 81 yaşlı Xədicə nənə ilə 63 ildir ki, evlidirlər. Nəvə-nəticələri onları bir neçə dəfə öz yaşadıqları rayonlara aparmaq istəsələr də, getməyiblər. Deyirlər ki, öz dədə-baba torpaqları onlar üçün daha doğma və rahatdır. Başqa yerdə yaşaya bilmirlər.

Əbdürrəhman kişi və digər kənd sakinləri ümid edirlər ki, bir gün Qrız kəndi də Xınalıq kimi turistik bir yer olacaq. Qubaya gələn türistlərin əksəriyyəti Xınalığa üz tutur. Halbuki, Xınalıqla Qrız arasında cəmi bir neçə kilometr məsafə var.