Roksana Saberi azad edildi

Amerika jurnalisti Roksana Saberi apellasiya məhkəməsi casusluq ittihamları ilə onun həbs cəzasını iki ilə endirdikdən bir gün sonra Tehranın Evin həbsxanasından çıxıb.

Saberi yanvar ayından Evin həbsxanasında saxlanılırdı. Onun vəkilləri jurnalistin 8 illik həbs cəzası ilə əlaqədar apellasiya məhkəməsinə müraciət etmişdilər.

Bundan öncə İranın dövlət xəbər agentliyi İRNA casusluq ittihamları ilə həbs edilmiş iranlı amerikalı jurnalist Roksana Saberinin apellasiya müraciəti təmin edildikdən sonra azadlığa buraxılacağı haqda məlumat vermişdi.

Roksana Saberinin atası Rza Saberi Evin həbsxanasının qarşısında qızının çıxmasını gözləyərək, müxbirlərlə söhbəti zamanı gələn bir neçə gün ərzində qızı ilə ABŞ-a qayıdacağına ümid etdiyini bildirib.

32 yaşlı jurnalist keçən ay casusluq ittihamları ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi. Saberinin ailəsi və ABŞ hökuməti bu itihamların əsassız olduğunu bildirir.

Roksana Saberinin işi insan hüquqları və mətbuatı müdafiə qruplarıının diqqət mərkəzində idi.