Azərbaycanda diffamasiya ili elan olunub

Mətbuat Şurası 2010-cu ili diffamasiya ili elan edir. Ümid edirik ki, bu il diffamasiya haqqında qanun qəbul ediləcək və Cinayət Məcəlləsinin böhtanla bağlı maddəsinə dəyişiklik ediləcək”. Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib.
Onun sözlərinə görə, Mətbuat Şurası bu il həbsdə olan jurnalistlərin azadlığa çıxacağına ümid edir. “Nə qədər ki, həbsxanalarda jurnalistlər saxlanılır, biz onların azadlığı uğrunda çalışacağıq”, - deyə o qeyd edib.
O 2009-cu ildə Mətbuat Şurasının il ərzində gördüyü işlərə nəzər salıb, media-cəmiyyət, media-hökumət münasibətləri, şikayətlərə baxılması, reket mediaya qarşı mübarizə barədə məlumat verib. “2009-cu ildə Mətbuat Şurasına 489 müraciət daxil olub. Şikayətlərin 176-sı vətəndaşlardan, 167-si dövlət təşkilatlarından, 61-i özəl qurumlardan, 45-i ictimai təşkilatlardan, 29-u bələdiyyə orqanlarından, 11-i siyasi partiyalardan daxil olub. 267 müraciət həllini tapıb. 222 müraciət isə araşdırılır. Müraciətlərin 195-i paytaxt Bakıdan edilib”.
Cənab Amaşovun sözlərinə görə, il ərzində 94 çap KİV-i “reket nəşr” elan edilib.
Mətbuat Şurasının sədri deyib ki, Azərbaycan çap mediasının ən aktual problemi iqtisadi cəhətdən zəif olması ilə bağlıdır. O, bu istiqamətdə artıq hökumətin addımlar atdığını deyib. “Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu medianın iqtisadi durumunun inkişafına təkan verəcək”.
Bununla yanaşı, o, Azərbaycanda jurnalistlərin həbsinin medianın iqtisadi cəhətdən zəif durumu ilə əlaqəli olmaması ilə bağlı suala cavab verməkdən yayınıb. “Biz jurnalistlərin əfv olunması ilə bağlı 2009-cu ildə hökumətə müraciət etmişik, 2010-cu ildə də jurnalistlərin həbsdən azad edilməsinə çalışacağıq”.
Mətbuat Şurasının sədri 2010-cu ildə dövlət və hökumət qurumları ilə media arasında münasibətlərin inkişafı sahəsində layihənin həyata keçiriləcəyini bildirib.