ABŞ 6 Quantanamo məhbusunu azad edib

ABŞ Quantanamo təcridxanasında saxlanan 6 məhbusu azad edərək Uruqvaya göndərib.

Pentaqon bildirir ki, 4 suriyalı, 1 tunisli və 1 fələstinli Uruqvayda qaçqın kimi qeydiyyata düşəcək. Azad edilənlərdən biri aclıq aksiyası keçirən 43 yaşlı suriyalı Cihad Diyab idi. O, rəsmilərin həbsxanada onu məcburi şəkildə yedizdirməsi ilə bağlı ABŞ məhkəməsinə müraciət etmişdi.

Bu 6 məhbusun hər biri Əl-Qaidə ilə əlaqələri olması şübhəsinə görə saxlansa da, onlara heç zaman rəsmi ittiham irəli sürülməmişdi.

Onlar ilkin olaraq bir ay əvvəl azad edilmək üçün hazır olsalar da, bürokratik əngəllər və Uruqvayda keçən ay prezident seçkiləri ilə əlaqədar siyasi narahatlıqlar köçürülməni ləngitmişdi.

Onlar Cənubi Amerikaya göndərilən ilk Quantanamo məhbuslarıdır. Hazırda Quantanamo təcridxanasında 136 məhbus qalıb.