Həmid Karzai kəşfiyyat idarəsinin başçısına hücumun Pakistanda hazırlandığını deyib

Əfqanıstan prezident Həmid Karzai ölkənin milli kəşfiyyat idarəsinin başçısının yaralandığı hücumun Pakistanda hazırlandığını deyib.

Cənab Karzai jurnalistlərlə söhbətində Əfqanıstan rəsmilərinin Milli Təhlükəsizlik idarəsinin başçısı Əsədulla Xalidin yaralandığı hücumun Pakistanda planlaşdırıldığına əmin olduqlarını bildirib. O, rəsmi İslamabadla məsələni müzakirə edəcəyini desə də, Pakistan hökumətini birbaşa günahlandırmayıb. Cənab Karzai hücumun Pakistanla danışıqlara son qoymayacağını deyib.

Əfqanıstan prezidenti Pakistanın hücumda əli olduğuna dair heç bir dəlil gətirməyib.

Pakistanın BMT-dəki nümayəndəliyinin sözçüsü Əfqanıstanın bəyanatına reaksiya verərək deyib ki, əfqan rəsmiləri ittiham irəli sürməzdən əvvəl dəlillərin olduğuna dair məlumatları Pakistanla bölüşəydilər daha yaxşı olardı.

Özünü sülh elçisi kimi göstərən intiharçı Xalidə qonaq evində hücum edib. Hücuma görə məsuliyyəti öz üzərinə Taliban götürüb.