Kabildə bomba hücumu zamanı azı 20 nəfər ölüb

Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, Kabildə Ali Məhkəmə binasının yaxınlığında həyata keçirilən bomba hücumu azı 20 nəfərin ölümünə səbəb olub.

Daxili İşlər Nazirliyinin mətbuat katibinın müavini Nəcib Daniş bugünkü bomba hücumu zamanı azı 40 nəfərin yaralandığını bildirib.

Sözçü partlayışın binanın əsas girişi deyil, məhkəmə işçilərinin istifadə etdiyi yan qapının yaxınlığında baş verdiyini deyib.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb.

Lakin Reuters xəbər agentliyi Taliban döyüşçülərinin bundan əvvəl də paytaxtda Ali Məhkəmə və digər vilayətlərdə məhkəmə binaları, eləcə də məhkəmə işçilərinə hücumlar həyata keçirdiyini bildirib.