Əl-Qaidə Yəməndəki iğtişaşlardan faydalanır

2012-ci ildə prezidentin devrilməsindən sonra Yəməndə qeyri-sabitlik yaşanır

ABŞ müdafiə naziri Eşton Karter çərşənbə günü bildirib ki, Əl-Qaidənin Yəməndəki qolu Huti üsyançıları və hökümət tərəfdarı qüvvələr arasında gedən döyüşdən faydalanaraq, ölkədə əraziləri ələ keçirir. 2012-ci ildə prezidentin devrilməsindən sonra Yəməndə qeyri-sabitlik yaşanır.

Karter Yaponiya səfəri zamanı müxbirlərə Yəməndəki böhranın ABŞ-ın Ərəbistan yarımadasında Əl-Qaidəyə qarşı mübarizəsini çətinləşdirdiyini və bu cür əməliyyatların sabit dövlətdə daha asan olduğunu bildirib.

“Ərəbistan yarımadasından Qərbə və Birləşmiş Ştatlara olan terrorizm təhülkəsi çox ciddidir və uzun müddətdir davam edir”, deyə Karter bildirib. “Biz bununla mübarizəni davam etdirəcəyik. Yarımadadakı şəraitə uyğun olaraq mübarizəmizi dəyişəcəyik. Təbii ki, biz ümid edirik ki, Yəməndə asayiş bərpa olunacaq. Bunu təkcə özümüz üçün deyil, həm də ona görə istəyirik ki, Yəməndə müxtəlif qruplar arasında gedən döyüşlər səbəbindən orada çox insan əziyyət çəkir”.

O, həmçinin bildirib ki, ABŞ Huti üsyançılarına qarşı mübarizə aparan koalisiyaya yardım etmək məqsədilə Səudiyyə Ərəbistanını kəşfiyyat və nəzarət informasiyası ilə təmin edir.

Çərşənbə axşamı ABŞ müdafiə nazirinin müavini Antoni Blinken hökümətin silah çatdırlmasını da sürətləndirdiyini bildirib.