Alpinistlərin axtarışı nəticə vermir

Quba rayonu ərazisində itkin düşən alpinistlərin axtarışlarının yanvarın 17-də də davam etdiyi bildirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi məlumata görə, axtarış işləri onların peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və könüllü dəstələrin iştirakı ilə aparılır.

“Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılıb, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib.

Axtarış-xilasetmə işləri mürəkkəb relyefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) aparılır”, məlumatda vurğulanır.

Alpinistlər itkin düşüb

Xatırlatma

“Gilavar” hava-ekstrim idman klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə dekabrın 23-də Quba rayonunun Xınalıq kəndi istiqamətindən Tufandağa (4191m) yürüşə çıxıblar. Dekabrın 24-də ailələri ilə danışan alpinistlərlə az sonra əlaqə itib.

Fövqəladə Hallar Nazirliyi dekabrın 27-dən alpinistlərin axtarışına başlayıb.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılıb. Hüquq-mühafizə orqanlarına görə, alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı məsələlərə məsul şəxslərin vəzifələrini tam yerinə yetirməsinə şübhələr var.