ATƏT Azərbaycanda seçkilərə qanunsuz müdaxilə ilə bağlı sessiyalar keçirir

ATƏT Azərbaycanda seçkilərə qanunsuz müdaxilə ilə bağlı sessiyalar keçirir

Demokratik seçkilərə dair təməl prinsipləri, qanunsuz müdaxilələrin yolverilməzliyi, seçkilərdə icra hakimiyyəti orqanlarının vəzifələri, seçki komissiyalarının müstəqilliyi və öhdəlikləri diqqət mərkəzindədir

ATƏT-in Bakı ofisi və Mərkəzi Seçki Komissiyası seçki prosesinə qeyri-qanuni müdaxiləyə dair rayon İcra Hakimiyyəti başçıları və dairə seçki komissiyası sədrləri üçün informasiya sessiyaları keçirir. Bu günki forumda Bakı şəhərinin, Bakıətrafı rayon və şəhərlərin İcra Hakimiyyəti başçıları iştirak edib.
Sessiyada demokratik seçkilərə dair təməl prinsipləri və qanunsuz müdaxilələrin yolverilməzliyi, seçkilərdə icra hakimiyyəti orqanlarının vəzifələri, seçki komissiyalarının müstəqilliyi və öhdəlikləri diqqət mərkəzində olub.
İnformasiya sessiyaları sentyabrın 21-də Şirvanda, sentyabrın 22-də Mingəçevirdə, sentyabrın 24-də Naxçıvanda ətraf rayonların İcra Hakimiyyəti başçılarının iştirakı ilə davam etdiriləcək.
ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel bildirib ki, Azərbaycanda seçkilərdə inkişaflar qeydə alınsa da, son bələdiyyə seçkiləri də daxil olmaqla, seçki prosesinə qanunsuz müdaxilələr olub. “Bu hallar bəlkə də çox deyil. Amma son seçkilərdə belə İcra Hakimiyyəti başçısı və seçki komissiyalarının rəhbərləri qanunsuz müdaxilə halına görə vəzifəsindən uzaqlaşdırılıb”.
O həmçinin müzakirələrdə hər kəs üçün toplaşma azadlığının təmin edilməsinin vacibliyini vurğulayıb.
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov İcra Hakimiyyəti başçılarına seçki prosesində bütün yerli orqanların normal fəaliyyətinin təmin edilməsini, asayişin təmin olunmasını, seçicilərin azad şəraitdə səs verməsi, namizədlərə isə təbliğat-təşviqat kampaniyası üçün bərabər şəraitin yaradılmasını tövsiyə edib. “Yerli İcra hakimiyyətlərinin əsas rolu azad seçki mühitini yaratmaqdır”, - o qeyd edib.
Cənab Həsənov İcra hakimiyyətlərini administrativ resurslardan hansısa namizədin xeyrinə istifadə etməməyə çağırıb: “Seçkilər seçicilərin etimadını qazanmalı, beynəlxalq müşahidəçilər seçkilərin ədalətli, azad mühitdə keçməsinə inanmalıdır. Bu il əsas siyasi qüvvələr seçkidə iştirak edir və seçkilərdə fəallıq yüksək olacaq. Bu fəallığı da nəzərə almaq lazımdır”.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilərin azad, ədalətli və demokratik keçirilməsinin Azərbaycan prezidentinin iradəsi olduğunu qeyd edib. O, yerli hakimiyyət orqanlarını qanuna əməl etməyə və seçkilərə müdaxilə etməməyə çağırıb. “Azərbaycanın mənafeyi hər hansı qrup, tayfa, şəxsi maraqdan yüksəkdə durur. Bütün icra hakimiyyəti orqanları qanuna əməl etməlidir. Azərbaycan dünyaya açıq ölkədir. Ölkənin hər hansı ucqar nöqtəsində belə, baş verənlər bir neçə dəqiqə ərzində dünyanın diqqətinə çatdırılır. Bilərəkdən və ya bilməyərəkdən Azərbaycanın mənafeyinə zidd addımlar atılmamalıdır”.
O, səslərin sayılması zamanı kənar şəxslərin müdaxiləsinin qəti yolverilməz olduğunu da diqqətə çatdırıb. “Səslərin sayılması zamanı səlahiyyəti olmayan şəxsin hər hansı hərəkəti şübhə doğurur. Səslərin sayılması zamanı qanuna o qədər dəqiq əməl edilməlidir ki, seçkidə iştirak edən tərəflərin hər hansı şübhəsi qalmasın”.
MSK sədri eyni zamanda bildirib ki, kütləvi toplaşmaqla bağlı ayrılmış yerlər namizədlər tərəfindən qəbul edilmədikdə, bu yerlər dəyişdirilə bilər.

Sessiya zamanı, MSK sədri Məzahir Pənahov və Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov jurnalistlərin suallarına da cavab verib. Cənab Həsənov hakim “Yeni Azərbaycan” Partiyasının deputatlığa irəli sürdüyü namizədlərlə bağlı deyib ki, partiyadan deputatlığa namizədlərin siyahısı kifayət qədər yenilənib. “Bu da təhsil, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən gənc partiya üzvlərinə qarşı inamın olmasından xəbər verir. Bu adamlara partiya tərəfindən etimad göstərilib. Lakin seçkilər yarışdır. Hər partiya öz namizədlərini irəli sürür, kimin deputat olacağını isə seçicilər həll edəcək”.
”Yeni Azərbaycan” Partiyası 125 dairədən 114-ü üzrə namizəd irəli sürüb. Pariya üzvü olan hazırki deputatların təxminən üçdə birinin adı (18 nəfər) siyahıya düşməyib.
Məmurların seçkilərdə iştirakına gəlincə, cənab Həsənov deyib ki, kampaniyada rəsmi iştirak günündən, yəni iddiaçıların qeydiyyatına və seçicilərin imza toplanışına başlandığı gündən məmurlar məzuniyyətə çıxmalı və ya istefa verməlidir.

MSK sədri Məzahir Pənahov isə bildirib ki, MSK noyabrın 7-də keçiriləcək parlament seçkiləri zamanı mümkün pozuntuların qarşısının alınması üçün bütün tədbirləri görəcək. “Pozuntuların olmayacağına zəmanət vermək mümkün deyil. Dünyada heç bir seçki pozuntusuz keçmir”.
O deyib ki, seçki komissiyaları və digər məsul qurumlar pozuntuların və qanunazidd əməllərin qarşısının vaxtında alınması üzrə tədbirlər həyata keçirməlidir. “Əgər seçicilərin iradəsini şübhə altına ala biləcək pozuntular baş verərsə, orada səsvermənin nəticələri ləğv olunacaq. Bu cür hallar əvvəllər də baş verib və biz hazırda müvafiq tədbirlər görməyə hazırıq”.
Hərbi qulluqçuların səs verməsi barədə danışan Məzahir Pənahov deyib ki, qanunvericiliyə uyğun olaraq, hərbi qulluqçular mülki məntəqələrdə səs verir. “Yalnız müstəsna hallarda səsvermə hərbi hissələrdə keçirilir, lakin orada da məntəqələr müşahidəçilərin üzünə açıq olur”, - deyə o qeyd edib.