Nəşriyyat “Azadlıq” qəzetinin çapından imtina edib

Azadlıq qəzetinin əməkdaşları

“Azərbaycan” Nəşriyyatı “Azadlıq” qəzetinin çapından qeyri-müəyyən vaxta qədər imtina edib. Səbəb qəzetin nəşriyyata olan borcludur. “Azərbaycan” Nəşriyyatı sentyabrın 5-nə qədər borcun əhəmiyyətli hissəsinin ödənilməsi üçün “Azadlıq”a vaxt vermişdi. Amma deyilən müddətdə vəsait ödənilmədiyindən qəzetin çapı dayandırılıb. Bu barədə “Azadlıq“ qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacvıyev Amerikanın Səsinə bildirib.

“Azadlıq”ın vəsaiti ödəyə bilməməsinə səbəb qəzetin bank əməliyyatları apara bilməməsidir.

“Qəzetin maliyyə direktoru Faiq Əmirli həbs edildikdən sonra başqa bir şəxsin səlahiyyətli imza nümunəsi təsdiq edilməlidir. Bu problemin həlli üçün müraciət etdiyimiz səlahiyyətli dövlət orqanı imza nümunəsinin təsdiqindən imtina edib. İmza nümunəsinin təsdiqi üçün zəruri sənədlərin qaydasında olmadığı əsas gətirilir”, o qeyd edib.

Hacıyev bildirib ki, hazırda qəzetin nəşriyyata 20 min manat borcu var.

“Faiq Əmirlinin həbsindən sonra bankda toplanan vəsaiti çıxara bilsək nəşriyyatın borcunun bir hissəsini ödəyə bilərik və qəzet nəşrə başlayar. Amma, bank əməliyyatı apara bilmirik. “Qasid” Yayım Şirkəti isə qəzetimizə olan 69 min manat borcunu ödəmir”, o qeyd edib.

Baş redaktorun birinci müavini ümidin yalnız oxuculara qaldığını deyib.

“Oxucularımıza müraciət edirik. Əziz oxucular Sizi “Azadlıq” qəzetinə kömək etməyə və abunə kampaniyasında iştirak etməyə çağırırıq”, o qeyd edib.