Ban Ki Mun Rusiya ilə Ukrayna arasında siyasi dialoqa çağırıb

BMT-nin baş katibi Ban Kimun Ukrayna böhranının həlli üçün Rusiya ilə Ukrayna arasında siyasi dialoqa çağırıb.

Cənab Ban bu bəyanatı Ukrayna separatçılarının lideri Andrey Purqin atəşkəs və məhbus mübadiləsini müzakirə etəməyə hazır olduğunu deməsindən bir gün sonra Yeni Zellandiyada verib.

Purqin bazar ertəsi Belarusun paytaxtı Minskdə keçirilən ilk sülh danışıqlarında çıxış edib.

Rusiyapərəst separatçılar daha artıq muxtariyyat verilsə, Ukraynanın tərkibində qalmağa razı olduqlarını bildirib.

Digər bir xəbərdə rusiyalı rəsmi prezident Vladimir Putinin Rusiyanın Ukrayna paytaxtı Kiyevi iki həftə ərzində işğal edə biləcəyi haqda şərhinin kontekstdən çıxarıldığını deyib.

Cənab Putinin müavini Yuri Uşakov müxbirlərə deyib ki, İtaliyanın La Repubblica qəzetində dərc edilmiş sitat tamamilə fərqli məna daşıyır.

Qəzet bu həftə yazıb ki, cənab Putin Avropa Komissiyasının sədri Xose Manuel Barrozu ilə telefon söhbətində deyib ki, istəsə, Kiyevi iki həftədə zəbt edə bilər.