Benyamin Netanyahu: İsrail Ukraynaya hərbi yardım göstərəcəyini istisna etmir

Baş nazir Benyamin Netanyahu CNN tele-kanalına müsahibəsində deyib ki, İsrail Ukraynaya hərbi yardım göstərəcəyini istisna etmir.

İsrailin Kyivə hərbi dəstək verə biləcəyi sualının cavabında Netanyahu "əlbəttə belə bir variantı nəzərdən keçirir" deyib. O vurğulayıb ki, İsrail Ukraynaya "Iron Dome" (Dəmir Künbəz) raketdən müdafiə sisteminin tədarükünü nəzərdən keçirməyə hazırdır.

İsrail hökumətinin başçısı, həmçinin bildirib ki, hər iki tərəf və ABŞ bununla razılaşarsa, Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçilik etməyə hazırdır.

Netanyahunun müsahibəsindən sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "bütün silah tədarükü cəhdlərinin böhranın kəskinləşməsinə səbəb olacağını" bildirib.

İsrail Rusiyanın Ukraynaya genişmiqyaslı işğalını pisləsə də, Qərbin Rusiyaya qarşı həyata keçirdiyi sanksiyalarına qoşulmayıb. Yanvarın əvvəlində İsrailin yeni təyin olunmuş xarici işlər naziri Eli Kohen ölkəsinin Kyivə humanitar yardımı davam etdirəcəyini, lakin Rusiyanın Ukraynaya qarşı müharibəsi barədə "ictimiyyət qarşısında daha az danışılacağını" deyib.

İsrailin Ukraynaya hərbi yardımdan qeyri-rəsmi imtina etməsi onun öz təhlükəsizliyi ilə bağlı qorxularından irəli gəlr. Belə ki, ölkənin hakimiyyəti hesab edir ki, buna cavab olaraq Rusiya Suriyaya dəstəyi artıra və Suriya-İsrail sərhədində əlavə gərginlik yarada bilər.

2011-ci ildən istifadəyə verilən "Iron Dome" sistemi İsrailin özünü Fələstin militantlarının hücumlarından uğurla qoruyur.