Con Kerrinin Afrika qitəsinə səfərinin növbəti dayanacağı olan Cibutidədir

ABŞ Dövlət katibi Con Kerri Afrika qitəsinə səfərinin növbəti dayanacağı olan Cibutidə görüşlər keçirir.

Kerrinin prezident İsmail Ömər Quelleh və xarici işlər naziri Mahmud Əli Yusiflə görüşəcəyi, daha sonra isə Amerikanın Yaxın Şərqdə mühüm hərbi bazası olan Lemmonieni ziyarət edəcəyi gözlənilir.

Con Kerri Cibutidən öncə Somaliyə səfər edib. O, Somaliyə səfər edən ilk yüksək səviyyəli ABŞ diplomatıdır.

Moqadişuda prezident Həsən Şeyx Mahmudla görüşündən sonra müxbirlərlə danışan Kerri deyib ki, ABŞ Somali ilə diplomatik münasibətlərini bərpa etmək istəyir.

Moqadişu hava limanında 3 saat yarım vaxt keçirən Kerri ölkənin baş naziri və digər rəsmilərlə görüşüb.

20 il qarışıqlıq və davamlı zorakılıqlar dövründən sonra Somali paytaxtında son bir neçə ildə nisbi təhlükəsizlik hökm sürür. Lakin hökumət hələ də Əl-Qaidə ilə əlaqəsi olan Əl-Şəbəb qrupunun intiharçı hücumlarının qarşısının alınmasına çalışır.