Hüquq müdafiəçiləri beynəlxalq diqqətdə olan məhbusların əfvini istəyir

Siyasi məhbuslar

Bir qrup hüquq müdafiəçisi prezident İlham Əliyevə müraciət edərək rəsmi Bakı və beynəlxalq qurumlar arasında müzakirə obyekti olan məhbusların azad edilməsini xahiş edib.

Sənədi hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Zəlihə Tahirova, Mirvari Qəhrəmanlı, Arzu Abdullayeva, Əvəz Həsənov imzalayıb.

"İnsan haqları sahəsində həllini gözləyən bir sıra problemlər var ki, onları yenidən sizin diqqətinizə çatdırmağı özümüzə borc bilirik", müraciətdə deyilir.

Müraciət müəlifləri ümidvar olduqlarını bildirirlər ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində dövlət başçısı əfv fərmanı imzalayacaq.

Azərbaycanda yerli hüquq müdafiəçiləri 158 nəfəri “siyasi məhbus” kimi tanıyıb. Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı isə ondan çox məhbusu “vicdan məhbusu” elan edib. Bununla yanaşı Avropa İnsan Hüquqları Məhkəməsinin REAL Hərəkatının lideri İlqar Məmmədov və keçmiş səhiyyə naziri Əli İnsanovun həbsdən azad edilməsi barədə qərarı var.