Naxçıvanda müxalifət fəallarının səhhətində problem yaranıb

Naxçıvanda müxalifət fəallarının səhhətində problem yaranıb

Bağırsoy qardaşları Babək rayonunun Nehrəm kəndində “Su təsərrüfatı” Səhmdar Cəmiyyətinin suyun qiymətini qaldırmasına etiraz olaraq keçirilən aksiyadan sonra saxlanıb. Aksiya zamanı və sonra Bağırsoy qardaşları döyülüb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Naxçıvan Muxtar Respublikası təşkilatının rəhbəri Yaşar Bağırsoy və qardaşı Zeynalın səhhətində problemlər yaranıb.

Belə ki, iyulun 28-də Bağırsoy qardaşları Babək rayonunun Nehrəm kəndində “Su təsərrüfatı” Səhmdar Cəmiyyətinin suyun qiymətini qaldırmasına etiraz olaraq keçirilən aksiyadan sonra saxlanıb. Aksiya zamanı və sonra Bağırsoy qardaşları döyülüb. Zərərçəkənlər Babək rayon Polis Şöbəsinə şikayət edib və polis şikayətçilərin özlərini saxlayıb.

Yaşar və Zeynal Bağırsoyların dediyinə görə, yerli polis şöbəsində də döyülüblər. Onların barəsində Cinayət Məcəlləsinin ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə və xuliqanlıq maddələri ilə cinayət işi qaldırılıb.

Yaşar Bağırsoy bu gün Amerikanın Səsi radiosuna bildirib ki, ayağı tutulub, hərəkət edə bilmir. “Gözümdən də ciddi zədə almışam, 80 faizə qədər görmə qabiliyyətim itib. Qardaşım Zeynalın qulağından qan gəlir, demək olar ki, eşitmir”, - deyə o qeyd edib.

Cənab Bağırsoyun dediyinə görə, yerli həkimlər onları müayinə edir. “Ancaq gözümlə bağlı mütləq Naxçıvandan xaricdə müalicə almalıyam. Barəmdə cinayət işi olduğuna görə, istintaq orqanları Naxçıvanı tərk etməyə imkan vermir”.
Yerli polis deyilənləri təkzib edib. Babər rayon Polis bölməsinin növbətçi hissəsindən Amerikanın Səsi radiosuna bildiriblər ki, Bağırsoy qardaşlarına polis bölməsində hər hansı fiziki təzyiq göstərilməyib.

AXCP Bağırsoy qardaşlarına münasibəti hakimiyyətinin zorakılıq siyasətinin nəticəsi kimi qiymətləndiirb. Partiyanın bəyanatında deyilir ki, bu hadisə Naxçıvanda sanki diktatura laboratoriyasının qurulduğunu bir daha ortaya qoyur. “Hakimiyyət beynəlxalq birliyin diqqətinin Bakıda olmasından ehtiyatlanaraq paytaxtda gerçəkləşdirə bilmədiyi bütün arzularını Naxçıvanda reallaşdırdırır. Naxçıvanda tam klassik üslublu diktatura formalaşıb”, - deyə sənəddə qeyd edilir.