Nigeriya paytaxtı Abucada etirazlar davam edir

Nigeriya paytaxtı Abucada yüzlərlə etirazçı prezidentin iqamətgahı qarşısına toplaşaraq, hökuməti 2014-cü ildə oğurlanan 200-dən çox qızın xilas edilməsi üçün daha çox iş görməsinə çağırıb.

Etirazlar Boko-Haram yaraqlı qrupunun üzvlərinin girov götürülən 50-yə qədər qızın yeni videosunu nümayiş etdirməsindən bir həftə sonraya təsadüf edir. YouTub-da yerləşdirilmiş 11 dəqiqəlik videoda hicab geyinən onlarla qız hərbi geyimdə maskalı şəxslə birlikdə nümayiş etdirilib.

Oğurlanan qızlardan birinin anası Ester Yakubu etirazçıların hökumətdən qızların geri qaytarılmasını tələb etməkdən yorulduğunu deyib.

2014-cü ildə 300-ə yaxın qızla birlikdə oğulanan zaman Ester Yakubunun qızının 15 yaşı var idi. O, Nigeriya hökumətini öz qızı və oğurlanan digər qızların azad edilməsi müqabilində Boko-Haramın həbsdə olan yaraqlıları azad etmək tələbini yerinə yetirməyə çağırıb.

Nigeriya hökumətinin iki ildən çoxdur göstərdiyi səylərə baxmayaraq, oğurlanan 276 qızdan 218-i itkin sayılır.