Nyu-Yorkun Mərkəzi Parkının 12 sirri

Nyu-Yorkun Mərkəzi Parkı

Nyu-York Mərkəzi Parkı haqqında Amerika səfirliyi tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş məqaləni təqdim edirik:

Nyu-York şəhərindəki hər hansı bir digər təbiət abidəsi buradakı 843 akr sahəni əhatə edən park qədər məşhurlaşmağa və şəhərin simvoluna çevrilməyə müvəffəq olmamışdır. Kolumbiya Universitetinin professoru Elizabet Bləkmar müəllifi olduğu “Park və İnsanlar: Mərkəzi Parkın Tarixi” adlı kitabında qeyd etdiyi kimi, onun parlaq çalarları Uolt Vaytmanın və J.D. Salingerin yazılarından tutmuş “Uoll-Strit” və “Harri Nə Zaman Salli İlə Görüşdü” kimi pop mədəniyyətinin nümunələrinə qədər bir-birinə bənzəyən, yüksək və aşağı mədəniyyətin əsasında formalaşmışdır.

Bu gün, Mərkəzi Parkı hər il 42 milyon insan ziyarət edir, onlar buradakı geniş ərazidə uzanan Qoyunlar Çəmənliyində (“Sheep Meadow”), göz oxşayan gölün ətrafında və möhtəşəm bağlarda gəzişirlər. İyirmi beş ildən artıq bir müddətdə Mərkəzi Parkda və Nyu-York şəhərinin digər görməli yerlərində turlar həyata keçirən “Big Onion” adlı şirkətin sahibi Ses Kamil – o, öz xanımı ilə uzun illər bundan əvvəl həyata keçirdiyi turlardan birində tanış olmuşdur – 19-cu əsrə aid olan bu tarixi abidə haqqında çox az məlum olan bəzi faktları bizimlə paylaşdı.

Park yaxınlıqdakı sakinlərə məxsus əmlakın qiymətini artırmaq üçün salınmışdır.

1853-cü ildə Nyu-York ştatının qanunverici orqanı tərəfindən qəbul olunmuş qərar əsasən Amerikanın ilk böyük ictimai, yaşıllıq parkının salınması üçün Manhattan bölgəsində 750 akr ərazi ayrılmışdır. Düzdür, Nyu-Yorkun bəzi varlıları Londonda olduğu kimi burada da gözəl bir parkın olmasını və bu yolla Nyu-Yorkun dünya səviyyəli bir məkana çevrilməsini arzu edirdilər, lakin “mən buna bir qədər şübhə ilə yanaşıram”, deyə Kamil bildirir.

“Parkın hazırda yerləşdiyi torpağın böyük bir hissəsi 19-cu əsrdə uzun illər istifadəsiz qalmışdır və məncə parkın bu ərazidə salınması onun ətrafındakı evlərin qiymətini artırmaq məqsədilə seçilmişdir”. Kamilin sözlərinə görə Mərkəzi Parkın daşlı-qayalı ərazilərini “dinamitlə partlatmaq qeyri-mümkün idi”, buna görə də buradakı torpaqdan istifadə olunmurdu və bu, yaxınlıqda yaşayan sakinlərin gözündə çətin bir məkana çevrilmişdi. “Düzdür, bu bizə Avropanın şəhərləri ilə rəqabət aparmağa imkan verdi, lakin Nyu-Yorkda olan bir çox digər şeylər kimi bu park da əslində mənfəət məqsədilə yaradılmışdır”.

Mərkəzi Parkı ilk tələb edən qəzet redaktoru olmuşdur.

Parkı ilk dəfə tövsiyə edənlərin kimliyi ilə bağlı ziddiyyətli məlumatlar verilsə də, Kamilin və yazıçı Bləkmarın fikrinə görə birinci dəfə belə bir parkın salınması təklifi şair və “New York Evening Post” qəzetinin redaktoru Uilyam Kallen Brayant tərəfindən gəlmişdir. “Brooklyn Daily Eagle” qəzetinin redaktorunun Bruklin Körpüsünün inşasını tələb etdiyini bir üslubda o, 1844-cü ildə “yeni bir parkın” salınmasına çağırmışdır. “O demişdir, bu sizin sağlamlığınıza, şəhər və hər bir şey üçün faydalıdır”, deyə Kamil xatırladır.

Parkın eskizinin tərtib olunması üçün xüsusi, ictimaiyyətə açıq müsabiqə keçirilmişdir.

Mərkəzi Parkın dizaynını müəyyən etmək hüququnu əldə etmək üçün Frederik Lou Olmsted və Kalvert Voks 1858-ci ildə 32 rəqibini geridə qoymuşlar. Açıq müsabiqənin şərtləri çox spesifik idi, burada parad keçirilməsi üçün meydança, əsas fontan, müşahidə qülləsi, konki sürmə arenası, dörd zolaqlı küçələr, sərgi və yaxud konsert zalı olmalı idi. Olmsted və Voks bütün bu tələblərə uğurla cavab verən təbii landşaftı böyük məharətlə düşünüb hazırlamışlar: Qoyunlar Çəmənliyi (“Sheep Meadow”), Vifezda Fontanı, Belveder Qülləsi, göl və parkın mərkəzindəki girintili-çıxıntılı yollar.

Qoyunlar Çəmənliyində bir zamanlar həqiqətən də qoyunlar otlayırmış.

Parkın görməli yerlərindən biri olan qoyunlar çəmənliyi adlı məkanda bir zamanlar Olmstedin təkidi ilə qoyunlar yerləşdirilmişdir. “Estetik görünüş üçün o, burada qoyunların olmasını istəmişdir”, deyə Kamil bildirir. “Boz və ağ rəngli qoyunların yaşıl otların üzərində nəzərə çarpması üçün”. Qoyunlar südçülük fermasının yaxınlığındakı “Tavern on the Green” adlı məkanda saxlanılırdı və otlamaları üçün onları gündə iki dəfə çəmənliyə buraxırdılar.