Keçmiş müdafiə naziri Obamanın hərbi siyasətini tənqid edib

ABŞ-ın kəşfiyyat və müdafiə nazirliklərinin keçmiş başçısı prezident Barak Obamanın son bir neçə ildir Yaxın Şərqdə hərbi siyasət kursunu itirdiyini deyib.

Leon Panetta cənab Obamanın hakimiyyəti dövrü Mərkəzi kəşfiyyat idarəsi və Pentaqonun rəhbəri olub. “Ləyaqətli döyüşlər: Müharibə və sülh dövründə liderlik” (Worthy Fights: A Memoir of Leadership in War and Peace) adlı yeni kitabında Leon Panetta prezident Obamanın lider kimi deyil, hüquq professorunun məntiqi ilə hərəkət etdiyini bildirib.

Panetta prezident Obamanın Əl-Qaidə lideri, terrorçu Usama Bin Ladenin qətlinə qərar verməsini alqışlayıb. Lakin o, ABŞ liderinin İslam Dövləti qrupunun son aylar ölkənin böyük hissəsini ələ keçirdiyi İraq və Suriya ilə bağlı siyasətində səhvlərin olduğunu bildirib.

Ağ Evin sözçüsü Coş Ernetst cənab Obamanın ABŞ-ın başçılığı ilə İslam Dövləti qrupuna qarşı hava hücumlarını ilə Yaxın Şərqdə liderliyini təsdiqləməyə davam etdiyini bildirib.