ABŞ-ın Şarlot şəhərində fövqəladə vəziyyət elan olunub

Şimali Karolina qubernatoru polisin qaradərili sakini öldürdüyünə görə Şarlot şəhərində iki gündür davam edən nümayişləri nəzərə alaraq şəhərdə fövqalada vəziyyət elan edib.

Dinc nümayiş daha sonra polislə etirazçılar arasında qarşıdurmaya çevrilib.

Şarlot polisi bildirib ki, 43 yaşlı Keit Lamont Skot avtomobilindən çıxarkən əlində silah olub. Polisin dəfələrlə xəbərdalığına baxmayaraq o, silahı yerə qoymaqdan imtina edib. Lakin Skotun ailəsi deyir ki, onun əlində kitab olub. Şahidlər bildirib ki, onun əlləri havada olub.

Polisin üzərində olan kamera hadisə anını qeydə alıb. Lakin video hələlik ictimaiyyətə açıqlanmayıb.

Şəhər rəsmiləri ilkin məlumatda bir sakinin digər sakini vurub öldürdüyü desə də, daha sonra həmin şəxsin ağır yaralandığı bildirilib. Şarlot polis idarəsi hadisə zamanı dörd polis işçisinin yaralandığını açıqlayıb.

Prezident Barak Obama çərşənbə günü Şarlot və Oklahoma ştatının Tulsa şəhərinin merləri ilə telefonla danışıb. Keçən cümə günü Tulsa şəhərində ağdərili polis zabiti qaradərili motosiklet sürücüsünə atəş açaraq öldürüb.