Nyu-Yorkda iki polis işçisi qətlə yetirilib

ABŞ prezidenti Nyu-York şəhərində iki polis işçisinin öldürülməsi ilə bağlı narahatlığını ifadə edib. Havay adalarında istirahətdə olan Barak Obama deyib ki, iki cəsur polis işçiləri bu axşam evlərinə getməyəcək.

Polis zabitləri asiyalı Uenjian Liu və ispan Rafael Ramos Bruklində polis maşınında oturarkən 28 yaşlı İsmayıl Brinslinin atəşinə məruz qalıb. Daha sonra metro stasiyasına qaçan İsmayıl özünü güllələyib.

Nyu-Yorkun polis komissarı Uilyam Bratton hadisəni təmiz sui-qəsd adlandırıb. O, Brinslinin polis əleyhinə onlayn ifadələrlə çıxış etdiyini bildirib.

Qatil Instagram-da silahsız qaradərili Erik Qarnerin ağ polis tərəfindən öldürülməsinin qisasını alacağını yazıb.

ABŞ-ın baş prokuroru Erik Holder polis işçilərinin qətlini vəhşilik kimi qiymətləndirib.

Nyu-Yorkun meri Bill de Blasio şəhərin matəmə büründüyünü və bu hücumun hər bir vətəndaşa qarşı olduğunu deyib.