Russia Today ABŞ-da xarici agent kimi qeydiyyatdan keçib

Russia Today xəbər agentliyinin Moskvadakı ofisi. 27 oktyabr, 2017

ABŞ-ın Ədliyyə Nazirliyi bildirib ki, Rusiya dövlətinin nəzarətində olan Russia Today (RT) media qurumu ABŞ-da xarici agent kimi qeydiyyatdan keçib.

ABŞ rəsmiləri RT-yə qeydiyyatdan keçməsi üçün bazar ertəsinə qədər möhlət vermişdi. Əks halda informasiya agentliyinə qarşı hüquqi qaydada tədbirlər həyata keçiriləcəkdi.

RT-nin baş direktoru Marqarita Simonyan bazar ertəsi tvit ataraq qeyd edib ki, “Biz hüquqi tədbirlərlə qeydiyyatdan keçmək arasında seçim etməliydik. Biz ikincini seçdik.”

Kremlin rəsmilərinin sözlərinə görə, ABŞ-ın RT-dən qeydiyyatdan keçmə tələbi əks-effekt verə bilər. Belə ki, Moskva ABŞ Konqresi tərəfindən maliyyələşən Amerikanın Səsi və Azadlıq Radiosunun da qeydiyyatdan keçməsini tələb edə bilər.

RT qərara etiraz edərək bildirib ki, qeydiyyatdan keçməklə işçilərin ünvan və maaşları da daxil olmaqla məlumatların ictimailəşməsi ABŞ-da işləməyi daha da çətinləşdirəcək.

ABŞ-ın kəşfiyyat rəsmiləri RT-ni Rusiya hökumətinin təbliğat maşını hesab edir. RT isə buna bənzər bütün iddiaları rədd edərək, ABŞ-a obyektiv xəbərlər təqdim etdiklərini bildirib.