Senatın Kəşfiyyat Komitəsi Rusiya ilə bağlı təhqiqatın gedişatı haqda məlumat verdi

Senatın Kəşfiyyat Komitəsi 2016 seçkiləri dövründə prezident Donald Trampın seçki kampaniyası ilə Rusiyanın əlaqələrini müəyyən etmək məqsədilə başlatdıqları təhqiqatın davam etdiyini bildirib. Bununla bərabər, komitə bildirib ki, Rusiyanın gələcək seçkilərə müdaxilə etməsi təhlükəsi daha da arta bilər.

Mən onu təsdiq edə bilərəm ki, Rusiya kəşfiyyatı qərarlı və ağıllıdır. Bu səbəbdən növbəti kampaniyalarda hər bir seçki rəsmisinin buna ciddi yanaşmasını tövsiyə edirəm.

Komitənin sədri, Şimali Karolina senatoru, respublikaçı Riçard Burr çərşənbə günü müxbirlərə bildirib ki, onlar seçkilər zamanı nə baş verdiyi haqda daha aydın görüntüyə malik olmağa başlayıblar:

“Seçki kampaniyasının Rusiya ilə əlaqələrinin olub-olmaması təhqiqatında görülməli hələ çox iş var. Amma biz artıq baş verənləri daha aydın görməyə başlayırıq. Mən onu təsdiq edə bilərəm ki, Rusiya kəşfiyyatı qərarlı və ağıllıdır. Bu səbəbdən növbəti kampaniyalarda hər bir seçki rəsmisinin buna ciddi yanaşmasını tövsiyə edirəm. Qarşıdan gələn 2018-ci il seçkilərinə hazırlıq prosesində buna ciddi əhəmiyyət vermək lazımdır."

Kremlin 2016 ABŞ seçkilərinə müdaxiləsi Vaşintonla Moskva arasındakı münasibətləri Soyuq Müharibənin bitməsindən bəri ən gərgin nöqtəyə çatdırıb.

Prezident Trampın yaxın ətrafı haqqında səs-küylü bəyanatların verilməməsinə baxmayaraq, Burr və komitənin tanınmış üzvü, virciniyalı demokrat Mark Uorner deyib ki, təhqiqat ərzində müəyyən olunmuş digər faktlarla bağlı da ictimaiyyət qarşısına çıxmalı olduqlarını hiss edirlər.

ABŞ kəşfiyyat rəsmiləri 2016-cı il prezident seçkiləri mövsümündə Rusiya hökumət dairələri tərəfindən Amerika daxilində sosial media şəbəkələrində aktiv kampaniyaların aparıldığını müəyyən edib. Rusiya kəşfiyyat orqanlarına yaxın şəxslərin Facebook və Tvitterdə maliyyələşdirilmiş yazılarla ictimai fikir azdırmaq cəhdləri Konqres dinləmələrində müzakirə mövzusu olub.