Hüquq müdafiəçisi həbsxananın müalicə müəssisəsinə yerləşdirilib

Taleh Xasməmmədov

Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədov damarlarını kəsdikdən sonra Ədliyyə Nazirliyinin tibb müəssisəinə yerləşdirilib.

Xasməmmədovun doğmaları Amerikanın Səsinə bildirib ki, 10 gün əvvəl o, Gəncə İstintaq Təcridxanasında cinayət işinin saxtalaşdırılmasına qarşı etiraz əlaməti olaraq aclığa başlayıb.

Bazar günü o, həbsxanada damarlarını kəsib və Ədliyyə Nazirliyinin xəstəxanasına köçürülüb. Bundan əvvəl, 10 gün ərzində ona doğmaları ilə telefonla danışmağa imkan verilməyib və yalnız dünən o, baş verənlər barədə doğmalarına məlumat verə bilib.

Hazırda müstəntiq icazə vermədiyi üçün doğmaları Xasməmmədovla görüşə bilmir.

T.Xasməmmədov fevralın 24-də Göyçay rayonunda xuliqanlıq ittihamı ilə həbs edilib.

Xasməmmədov Göyçay-Ucar bölgəsində hüquq müdafiə fəaliyyəti və facebook-da yerli hakimiyyəti tənqid etməsi ilə məşhurdur. O, əvvəllər də hüquq müdafiə fəaliyyətinə görə məsuliyyətə cəlb edilib, amma iki il əvvəl əvf olunub.

Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov hüquq müdafiəçisi Xasməmmədovun kəsik yaraları olduğu barədə məlumatı təkzib edib.

O, Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Xasməmmədovun özü aclıq etdiyini təkzib edib. Qurbanovun sözlərinə görə, Xasməmmədov müalicə müəssisəsinin qəbul şöbəsinə daxil olub və hazırda müayinədən keçir.

Bu arada, müstəntiq Xasməmmədovun doğmalarının müalicə müəssisəsində onunla görüşməsinə icazə verməyib.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı Xasməmmədovun vəziyyətini nəzarət altına almaq çağırışı ilə ombudsmana müraciət edib.