Tramp Abe ilə danışıqlar keçirir

ABŞ prezidenti Donald Tramp və Yaponiyanın baş naziri Şinzo Abe, Mar-a-Laqo, Florida, 17 aprel, 2018

ABŞ prezidenti Donald Tramp Floridada Mar-a-Laqodakı iqamətgahında Yaponiyanın baş naziri Şinzo Abe ilə danışıqlara başlayıb. Birləşmiş Ştaların iqtisadi siyasət məsələləri üzrə müşaviri Larri Kudlovun bildirdiyinə görə, iki gün sürəcək danışıqlar zamanı bir sıra məsələlər müzakirə ediləcək. Müzakirələrin diqqət mərkəzində Şimali Koreya və ticarət məsələlərinin olacağı bildirilir.

Hazırda öz ölkələrində qalmaqallarla qarşılaşan Tramp və Abe arasında münasibətlərin səviyyəsi səmimi kimi qiymətləndirilir. Yaponiyanın baş naziri ABŞ liderinin prezidentliyi dövrü ən çox görüşdüyü və danışıqlar apardığı xarici ölkə lideridir.

Həm Tramp, həm Abe Şimali Koreya məsələsində birgə narahatlığı bölüşür. Pxenyan beynəlxalq sanksiyalara baxmayaraq, ballistik raket və nüvə silahlarına malikdir.

Tramp və Şimali Koreya lideri Kim Yonq Un arasında presedenti olmayan zirvə görüşü planlaşdırılır. Abe bu həftə bildirib ki, ABŞ-ın Şimali Koreyaya raket və nüvə proqramlarını birdəfəlik ləğv etməsi üçün təzyiq göstərməsi məsələsində mövqeyini təsdiq etməsini istəyir.

Abe Trampı Kimlə görüşdüyü zaman Şimali Koreya ilə Yaponiyanın təhlükəsizliyini zəiflədə biləcək razılaşmalar əldə etməməyə razı sala biləcəyinə ümid bəsləyir. Yaponiya ABŞ-ın nüvə müdafiəsi altındadır. Birləşmiş Ştatların minlərlə hərbi personalı Yaponiyada hərbi bazalarda yerləşdirilib.